Biləsuvar sakinlərinin qaz təchizatına dair müraciətləri dinlənilib
Bakı, 28 noyabr, AZƏRTAC
Bu gün Lənkəranın 7 rayonunda qazlaşdırma işləri davam edir. Biləsuvar rayonu isə hazırda 100 faiz qazlaşdırılmış ərazilər siyahısındadır. Qarşıdakı aylarda bir neçə yaşayış massivində qazlaşdırma işləri yekunlaşacaq.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri “Azəriqaz”ın Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov Biləsuvarda baş tutan “Açıq mikrofon” aksiyasında deyib. Daha sonra mikrofon önünə keçərək sakinlər qaz təchizatında üzləşdikləri problemləri səsləndiriblər. Ümumilikdə 5 müraciət ünvanlanıb. Bunlardan 3-ü rayonun yeni yaşayış massivinin sakinləri tərəfindən səsləndirilib. Onlar qazlaşdırılan yaşayış massivində mavi yanacağın tezliklə sakinlərin ixtiyarına verilməsini xahiş ediblər.
Hər bir müraciət Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıqlar verilib.