Biləsuvarda 54 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçirilib
Biləsuvar, 29 aprel, Mahir Babayev, AZƏRTAC
Fevralın 12-dən bu günədək Biləsuvarın səhiyyə ocaqlarında 38 min 151 nəfər rayon sakini kütləvi pulsuz tibbi müayinədən keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda əhalinin profilaktik tibbi müayinəsinin mütəşəkkil başa çatdırmaq üçün bütün zəruri tədbirlər görülüb. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim komissiyalarının apardığı profilaktik müayinələr əhali tərəfindən böyük razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokordioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən aşkarlanıb müalicə olunmasına şərait yaradır. Müayinələr qrafik əsasında ilkin olaraq idarə, müəssisə və təşkilatlarda çalışanları əhatə edib və mövcud olan 51 kollektivin üzvlərinin hamısı tibbi müayinədən keçirilib. Aksiya qəsəbə və kəndlərdə də yüksək fəallıqla davam etdirilir. Artıq 24 kənddə müayinələr başa çatdırılıb. Hazırda sonuncu 2 yaşayış məntəqəsində əhalinin kütləvi dispanserizasiyası aparılır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, humanitar aksiya 2 xəstəxana, 20 həkim və feldşer məntəqəsində aparılır. 52 həkim və 50 orta tibb personalından ibarət 3 daimi, 2 səyyar həkim briqadası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsindən 72 mindən çox əhalini profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Bu günədək əhalinin 85 faizindən çoxu tibbi müayinədən keçirilib.
Müayinədən keçirilən sakinlərdən 126 nəfəri ambulator, 94 nəfər stasionar müalicəyə cəlb olunub, 23 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 137 vətəndaş təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.