Biləsuvarda əhalinin tibbi müayinəsi istiqamətində işlər yüksək fəallıq şəraitində davam etdirilir
Biləsuvar, 10 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkənin hər yerində olduğu kimi, Biləsuvarda da əhalinin tibbi müayinəsi yüksək fəallıq şəraitində keçir.
Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova AZƏRTAC-a bildirmişdir ki, vətəndaşların tibbi müayinəyə mütəşəkkil cəlb edilməsi üçün rayonda geniş təbliğat və təşviqat işləri aparılır. İcra hakimiyyətində yaradılmış komissiya və qərargah tərəfindən müayinələrin gedişinə ciddi nəzarət olunur. Aksiya başlanandan bu günədək 58858 rayon sakini tibbi müayinədən keçmişdir. Artıq rayonun 17 yaşayış məntəqəsində kampaniya uğurla başa çatmışdır.
Rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Zakir Xammədovun sözlərinə görə, müvafiq aksiyanı uğurla başa çatdırmaq üçün rayonda bir daimi, 3 səyyar həkim briqadası yaradılmış, 14 həkim, 6 tibb məntəqəsi kampaniyaya cəlb edilmişdir. Səyyar həkim briqadaları tərəfindən fiziki imkanları məhdud insanların müayinəsi evlərdə aparılır. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkar edilmiş 1694 nəfər ambulator, 129 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. Müalicəsi mümkün olmayan 124 nəfər ağır xəstə isə respublikanın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.
Hazırda rayonun səhiyyə işçiləri bu mühüm aksiyanı müvəffəqiyyətlə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə etməyə çalışırlar.