Biləsuvarda qısa müddətdə 2 min nəfərdən çox vətəndaş tibbi müayinədən keçib
Biləsuvar, 18 fevral, Mahir Babayev, AZƏRTAC
Biləsuvarın səhiyyə ocaqlarında qısa müddətdə 2 min 118 nəfər pulsuz tibbi müayinədən keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda əhalinin profilaktik tibbi müayinəsinin mütəşəkkil başa çatdırmaq üçün bütün zəruri tədbirlər görülüb. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslar üzrə həkimlərdən ibarət peşəkar həkim komissiyalarının apardığı profilaktik müayinələr əhali tərıfindən böyük razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokardioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən müalicə olunmasına şərait yaradır. Müayinələr qrafik əsasında ilkin olaraq idarə, müəssisə və təşkilatlarda çalışanları əhatə edir. Əhalinin aksiyaya fəal cəlb olunması üçün kənd və qəsəbələrdə maarifləndirmə işləri aparılır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, “Rayonda humanitar aksiya çərçivəsində 2 xəstəxana, 20 həkim və feldşer məntəqəsi tam hazırlıq vəziyyətinə gətirilib. 52 həkim və 50 orta tibb personalından ibarət 3 daimi, 2 səyyar həkim briqadası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla 26 yaşayış məntəqəsindən 72 mindən çox əhalini profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
İndiyədək 2 min 118 rayon sakini tibbi müayinədən keçib. Müayinə zamanı xəstəlik aşkar olunmuş 96 nəfər ambulator, 4 nəfər stasionar müalicəyə cəlb olunub, 3 nəfər isə təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.