Biləsuvarda tibbi müayinələrin gedişi müzakirə olunmuşdur
Biləsuvar, 3 aprel (AZƏRTAC). Biləsuvarda əhalinin tibbi müayinəsi yüksək fəallıq şəraitində keçir. Rayon icra hakimiyyətində keçirilən müşavirədə kampaniyanın gedişi müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
AZƏRTAC xəbər verir ki, idarə, müəssisə, təşkilat, bələdiyyə və icra strukturları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə dövlətimizin başçısının tapşırığına uyğun olaraq indiyədək 43 minə yaxın sakinin tibbi müayinəyə cəlb edildiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, rayon icra hakimiyyətində yaradılmış xüsusi komissiya və qərargah aksiyanın gedişinə ciddi nəzarət edir. Əhalinin sağlamlığına dövlətin böyük qayğısından danışan natiqlər Prezident İlham Əliyevin Sərəncamı ilə Biləsuvar Mərkəzi rayon xəstəxanasında aparılan əsaslı təmir işlərini bunun əyani nümunələrindən biri kimi səciyyələndirmişlər.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Şamil Cəfərov tibbi müayinənin mütəşəkkil keçməsi üçün 3 səyyar həkim briqadasının yaradıldığını, 14 həkim və 6 tibb məntəqəsinin kampaniyaya cəlb edildiyini söyləmişdir. Məlumat verilmişdir ki, fevral ayından başlanan tibbi müayinələrin nəticələrinə əsasən 1285 nəfər ambulator, 104 nəfər stasionar müalicəyə cəlb olunmuş, 98 nəfər isə respublikanın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir. Humanitar aksiyanın lazımi səviyyədə keçirilməsi üçün zəruri təşkilatı tədbirlərin davam etdiyini söyləyən tibb ocağının rəhbəri 26 yaşayış məntəqəsinin yarısından çoxunda müayinələrin başa çatdığını bildirmişdir.
Müşavirədə bir sıra təkliflər səsləndirilmiş, əlaqədar təşkilatların rəhbərlərinə aprel ayının sonunadək tibbi müayinələrin bütünlüklə yekunlaşmasına dair konkret tapşırıqlar verilmişdir.