“BİLİYİN QİYMƏTLƏNDİRİLMƏSİNİN FƏLSƏFƏSİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Universitetin “2003-2004-cü tədris ilinin seminarlar seriyası” çərçivəsində keçirilən məşğələni rektor Erol Oral açaraq görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən danışmışdır.
Rektor oktyabrın 15-də respublikada tam demokratik şəraitdə keçən prezident seçkilərində xalqın düzgün seçim etdiyini, Heydər Əliyev siyasi kursuna və bu kursun layiqli davamçısı İlham Əliyevə səs verdiyini vurğulamış, bu münasibətlə tədbir iştirakçılarını təbrik etmişdir.
O, eyni zamanda, 2003-2004-cü tədris ili ərzində universitetdə keçiriləcək müxtəlif tədbirlər barədə ətraflı məlumat vermişdir.
Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şahlar Əsgərov məruzə ilə çıxış edərək elm və mədəniyyətin, iqtisadiyyatın, ümumiyyətlə, cəmiyyətin inkişafında təhsilin müstəsna rolundan və təhsil müəssisələrində tələbə və şagirdlərin biliyinin düzgün qiymətləndirilməsinin vacibliyindən və əhəmiyyətindən danışmışdır.
Natiq dünya ölkələrinin təhsil ocaqlarında biliyin qiymətləndirilməsində müxtəlif bal sistemlərindən istifadə edildiyini bildirərək, 9 və 11 ballı sistemlərin qüsurlu, 5, 10, 12 və s. ballı sistemlərin isə məqbul olduğunu inandırıcı dəlillərlə diqqətə çatdırmışdır. O, təhsil müəssisələrində biliyin qiymətləndirilməsində daha düzgün olan bal sistemlərindən istifadə edilməsinin zəruriliyini vurğulamışdır.