Binəqədi rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam etdirilir
Bakı, 8 aprel (AZƏRTAC, Elçin Hüseynov). Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə tapşırığı respublikanın hər yerində olduğu kimi, Binəqədi rayonunda da uğurla icra olunur.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının tapşırığından irəli gələn vəzifələrin icrası məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülmüşdür. Rayonda yerləşən idarə, müəssisə və təşkilatların kollektivlərinin və sakinlərin tibbi müayinədən keçirilməsi qrafiki müəyyənləşdirilmişdir. Müayinə prosesində aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün rayon ərazisindəki səhiyyə müəssisələrinin potensialı qiymətləndirilmiş və bu məqsədlə 6 şəhər poliklinikası, bir sağlamlıq mərkəzi və bir xəstəxananın poliklinika şöbəsi, ümumilikdə 8 tibb müəssisəsi prosesə cəlb edilmişdir. Bundan başqa, tibbi müayinələrin gedişi barədə məlumatların gündəlik olaraq toplanması təmin edilmişdir.
İndiyədək rayon üzrə 83 min 481 nəfər tibbi müayinədən keçmişdir. Onlardan 6 min 920 nəfəri ambulator müalicəyə, 399 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur.
35 nömrəli şəhər poliklinikasında da rayon sakinlərinin tibbi müayinəsi üçün bütün lazımi şərait yaradılmışdır. Poliklinikanın baş həkimi Hüseyn Qədimov dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması baxımından böyük əhəmiyyəti olduğunu vurğulamışdır. Bildirmişdir ki, rəhbərlik etdiyi poliklinika dövlət proqramı çərçivəsində ən müasir avadanlıqlarla təchiz edilmişdir. Bu isə tibbi müayinələrin səmərəli aparılmasına imkan yaradır.
Müayinədən keçən rayon sakinləri onların sağlamlıqlarının qeydinə qaldığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.