Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsi kampaniyası uğurla davam edir
Bakı, 7 aprel (AZƏRTAC, Samirə Allahverdiyeva). Paytaxtın Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsi kampaniyası uğurla davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə reallaşan əhalinin tibbi müayinəsi kampaniyasının gedişi vəziyyəti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkənin günbəgün artan iqtisadi potensialının səhiyyənin inkişafı üçün də geniş imkanlar yaratdığından söhbət açmışdır. Bildirmişdir ki, səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 ildə 10 dəfədən çox artırılmış və sahənin maddi-texniki bazası gücləndirilmişdir.
Natiq səhiyyə sahəsində görülən işlərin nəticəsi kimi bu gün Azərbaycanda əhaliyə dünya standartlarına cavab verən tibbi xidmətin göstərildiyini, ölkəmizdə açıq ürək əməliyyatlarının, böyrək köçürülməsinin artıq fövqəladə olmayıb səhiyyəmizin gündəlik hadisəsinə çevrildiyini vurğulamışdır.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyevanın “Əhalinin tibbi müayinədən keçirilməsinin vəziyyəti barədə” məruzəsi dinlənilmişdir. Məruzədə müayinə prosesinin gedişi barədə ətraflı məlumat verilmişdir.
Daha sonra rayonun 11 nömrəli uşaq poliklinikasının baş həkimi, YAP Binəqədi rayon təşkilatı qadınlar şurasının sədri Məlahət İbrahimova, 15 nömrəli şəhər poliklinikasının baş həkimi Rauf Sadıqov və 25 nömrəli şəhər poliklinikasının baş həkimi Xatirə Xəlilova çıxış etmişlər.
İclasda Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsi işində fərqləndiklərinə görə Loğman Əliyevə və Məlahət İbrahimovaya Binəqədi Rayon İcra Hakimiyyətinin təşəkkürnaməsi təqdim edilmişdir.