Binəqədi rayonunda qəsəbədaxili küçə və yollar təmir edilir
Bakı, 12 avqust, AZƏRTAC
Vətəndaşların gediş-gəlişinin təmin olunması məqsədilə 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonu üzrə 15 kilometrdən çox küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulub. Hazırda bu istiqamətdə rayonun II mədən adlanan ərazisində ümumi uzunluğu 800 metr olan küçələrin təmirinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, artıq nəzərdə tutulan işlərin bir hissəsi yerinə yetirilib və qeyd olunan ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Paralel olaraq küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur. Təmir işlərinin aparılacağı sahə 8 min kvadratmetr ərazini əhatə edir.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi üzrə 3 kilometr, Binəqədi qəsəbəsi üzrə 5,3 kilometr, Sulutəpə qəsəbəsi üzrə 2,6 kilometr və Xocasən qəsəbəsi üzrə 4,5 kilometr qəsəbədaxili küçə və yolların təmiri də nəzərdə tutulub. Bu çərçivədə Rəsulzadə qəsəbəsində ümumi uzunluğu 1 kilometr, Binəqədi qəsəbəsi üzrə 3,9 kilometr, Sulutəpə qəsəbəsi üzrə də 2,6 kilometr uzunluğa malik küçə və yolların təmiri artıq yekunlaşıb.