Biofizika İnstitutu xüsusi karantin dövründə prioritet istiqamətləri müzakirə olunmasını təklif edir
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu xüsusi karantin rejimi dövründə bir sıra prioritet istiqamətlərin müzakirə olunmasını təklif edir. AZƏRTAC institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun bununla bağlı qeydlərini təqdim edir.
Koronavirusun yeni forması COVID-19 dünyanın bütün ölkələrində yayılıb və mənfi təsirini göstərməkdədir. Bu pandemiyanın qarşısının alınmasında ən böyük çətinlik onun ölüm faizinin yuxarı olması deyil, (COVID-19-da ölüm faizi əvvəllər qeydə alınmış digər koronavirus MERS-CoV-dan qat-qat aşağıdır) virusun sürətlə yayılması və ona görə də yoluxanların sayının əvvəlki göstəricilərlə müqayisəedilməz dərəcədə yuxarı olmasıdır.
Dünyanın hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələri COVID-19 virusuna yoluxan çoxsaylı insanlara xidmət etməyə hazır deyil. Yoluxmanın qarşısının alınması üçün ən effektiv mübarizə üsulu Çin Xalq Respublikasının nümunəsində göründüyü kimi, insanları bir-birindən təcrid etməkdir.
Ona görə də Azərbaycan dövlətinin qabaqlayıcı tədbirləri labüd və vaxtında atılmış addım idi. Bu addım cəmiyyət tərəfindən dəstəklənir və dəstəklənməlidir.
Biz indiki vəziyyətdən nəticə çıxarmalı və gələcəkdə gözlənilə bilən, daha təhlükəli ola bilən digər epidemiyalara hazır olmalıyıq. Bütün müəssisələrdə mülki müdafiə sistemi xətti ilə hər bir işçi üçün bir neçə aylıq birdəfəlik tibbi maskalar, fərdi dezinfeksiyaedici vasitələr və s. ehtiyatı hazırlanmalıdır. Digər tərəfdən, yeni situasiya AMEA-nın qarşısına da yeni tələblər qoyur və bu haqda karantində olduğumuz vaxtda fikirləşməli, müzakirə etməli və təkliflər verməliyik.
Elmdən söhbət düşəndə bəzi alimlərimiz (alim olmayanlar da belə) qeyd edirlər ki, Azərbaycan kiçik dövlətdir və elmin bütün istiqamətləri ilə məşğul ola bilməz. Yeni situasiya üçün müəyyən uğurlara baxmayaq, etiraf etməliyik ki, həyat elmləri üzrə (biofizika, biokimya, molekulyar biologiya, biofiziki və bioloji texnologiyalar, tibb) aparılan tədqiqatlar günün tələblərinə yetərincə cavab vermir. Biz tez bir zamanda molekulyar, hüceyrə, toxuma və model sistemlər üzrə texnologiyalar yaratmalı və bu sahələrdə ciddi tədqiqatlara başlamalı, dünya elminə inteqrasiya etməliyik.
Bu gün AMEA-nın institutlarının bəzilərində xaricdə işləyən tanınmış alimlərimizin laboratoriyaları yaradılıb və onlar Azərbaycanda aparılan elmi tədqiqatlara kənardan uğurla dəstək verirlər. Lakin bu azdır. Elmi tədqiqatlar Azərbaycanda yerləşən institutlarda təşkil edilməlidir. Əlbəttə, bu səviyyəyə keçid üçün müəyyən vaxt lazımdır. Mənim sadaladıqlarım tənqid deyil, bu işin məntiqi davamı olan arzudur. Sevindirici haldır ki, bu istiqamətdə işlər gedir və daha da sürətlənməlidir. Bizim bu işləri görməyə potensialımız var və biz buna hazırıq.
Son illər AMEA-da multidissiplinar tədqiqatlara diqqət yetirilir. Nanotexnologiyanın bütün elmi istiqamətlərdə tətbiqinə xüsusi önəm verilir. Bu gün təkcə elmimiz deyil, alimlərimiz də multidissiplinar biliklərə malik olmalıdır. COVID-19 virusu ilə bağlı yaranan vəziyyət göstərir ki, həkimlərimiz də multidissiplinar olmalıdır. Koronavirusa yoluxan xəstələri müalicə edən həkimlər infeksionist olmaqla yanaşı, daha çox pulmonoloq olmalıdır.
Yeni yaradılan Biofizika İnstitutunun əsas elmi istiqaməti xərçəng və yaşla bağlı olan amiloid xəstəlikləri üzrə tədqiqatların aparılmasıdır.
Biofizika İnstitutu Milli Onkologiya Mərkəzi ilə birgə uğurlu elmi tədqiqatlar aparır və bunun nəticəsi kimi Molekulyar və hüceyrə onkologiyası adlı laboratoriya yaradılıb. Bundan başqa, qan plazmasının spektroskopiyası ilə gələcəkdə skrininq üçün yararlı ola bilən “Süni intellekt” sistemi hazırlanıb. Xərçəng və normal hüceyrə membranlarını bir-birindən fərqləndirən prinsipial amillər, bu hüceyrələrin ətraf mühitin müxtəlif faktorlarına həssaslığı tədqiq olunub və araşdırmalar davam etdirilir.
Bu gün istifadə olunan dərmanların təsirinin effektivliyini ağciyər xərçəngi xəstələrindən götürülən biopsiya nümunələrində ölçə və dərmanın təsiri ilə hüceyrənin dağılmasını zaman etibarı ilə müşahidə edə bilirik. Bu istiqamətdə apardığımız işlər hər fərdə uyğun dərman seçimini təmin edə biləcək. Aldığımız nəticələr yaxın gələcəkdə elmi jurnallarda dərc olunacaq və ictimaiyyət bu barədə məlumatlandırılacaq. Müvafiq istiqamətdə fəaliyyətimizin böyük əhəmiyyəti ondan ibarətdir ki, bu işlər hansısa model sistemlərdə deyil, məhz insan toxumasından götürülən nümunələrdə aparılıb. İnsan toxuması ilə işləmək bizim üzərimizə böyük məsuliyyət qoyur və bu nümunələrdən maksimum yararlanmalıyıq.
Xüsusi qeyd etmək istərdim ki, bu işlər AMEA Rəyasət Heyətinin dəstəyi ilə Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzinə ayrılan qrant əsasında aparılır. Rəyasət Heyətində aparılan müzakirələr zamanı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu tədqiqatları bəyənib, Biofizika İnstitutunun “hüceyrə texnologiyaları” modulunun yaradılmasını dəstəkləyib.