İDMAN
“Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi olub
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovun ömür yoluna və idman karyerasına həsr olunmuş “Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, ideyası Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus olan kitabın müəllifi Əməkdar jurnalist Elşən Əliyev, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, redaktoru Əməkdar jurnalist Yusif Rzayevdir.
Kitab “CBS polygraphic production” mətbəəsində yüksək poliqrafik keyfiyyətlə 500 nüsxə tirajla çap olunub.
Kitabın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində nəşr olunmasının da əlamətdar olduğu vurğulanıb. Ulu Öndərin Azərbaycanda idmana və idmançılara daim diqqət və qayğı göstərdiyi minnətdarlıq hissi ilə xatırlanıb, respublikamızda idmanın cüdo növünün də məhz onun siyasi hakimiyyətdə olduğu dövrdə inkişaf etdirildiyi bildirilib. Diqqətə çatdırılıb ki, ötən il Azərbaycanda cüdonun kütləvi idman növü kimi təşəkkül tapmasının 50-ci ildönümünün qeyd olunduğu vaxtda Tərlan Həsənovun da 80 illik yubileyi keçirilib.
Kitabın ideya müəllifi, özü də Tərlan Həsənovun yetirməsi olan Azər Əsgərov yazdığı ön sözdə görkəmli məşqçini Azərbaycanda cüdonun canlı əfsanəsi adlandıraraq, onun yaratdığı məktəbin ənənələrini yaşatmağın və nəsillərdən-nəsillərə ötürməyin vacibliyini qeyd edib.
Təqdimat mərasimində kitabın məsləhətçisi Xanlar Məmmədov, müəllif Elşən Əliyev çıxış edib, onun ideyası və məzmunu haqqında danışıblar.
Tədbirdə Milli Məclis sədrinin müavini Adil Əliyev, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, Tərlan Həsənovun yetirmələri və ailə üzvləri iştirak ediblər.