CƏMİYYƏT
Bir həftəyə yaxın süni tənəffüs aparatına qoşulu olan yeniyetmənin həyatı xilas olunub
Bakı, 20 iyul, AZƏRTAC
Bir həftəyə yaxın süni tənəffüs aparatına qoşulu olan və ölüm təhlükəsi ilə üzləşən yeniyetmənin həyatı xilas olunub.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin instaqram səhifəsinə istinadla bildirir ki, 15 yaşlı Vüsal Mirzəgülov iyulun 5-də qida zəhərlənməsi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Bir həftəyə yaxın süni tənəffüs aparatına qoşulu olan və ölüm təhlükəsi ilə üzləşən yeniyetmə çoxsaylı tibbi müdaxilə və müalicələrdən sonra sağlamlığına qovuşub.
Xəstəxanaya gətirilərkən oğlunun nəfəs ala bilmədiyini deyən ana Seyran Mirzəgülovanın sözlərinə görə, vaxtında tibbi müdaxilə olmasaydı övladı həyatını itirə bilərdi: “İyulun 3-də oğlumu Şabran Rayon Mərkəzi Xəstəxanasına apardıq. Orada ilkin tibbi yardım göstərildi və uşağı Təcili Tibbi Yardım maşını ilə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirdilər. Həkimlər dərhal müdaxilə edib, oğlumu yenidən həyata qaytardı. Göydə Allah, yerdə həkimlərin köməyi ilə övladım sağaldı. Burada bizə çox yüksək səviyyədə xidmət göstərildi. Bütün xərclərimiz icbari tibbi sığorta tərəfindən qarşılandı. Başda xəstəxana rəhbərliyi olmaqla, burada çalışan bütün tibb işçilərinə minnətdaram”.