“Bir” Tələbə-Könüllü Proqramı və “AIESEC Azərbaycan” təşkilatı əməkdaşlıq edir
Bakı, 31 yanvar, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən “Gəncliyin bir həftəsi” adlı tədbir davam edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, proqramın “Yaşa” istiqaməti çərçivəsində “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı, “AIESEC Azərbaycan”ın dəstəyi ilə “Sən də Global Volunteer ol!” adlı məlumatlandırıcı seminar keçirilib. Seminarın məqsədi tələbə-könüllülərin xaricdə könüllülük təcrübəsi qazanması üçün imkanların artırılması, onların maariflənməsi və ölkəmizin xaricdə layiqincə təmsil olunmasına şərait yaratmaqdır. Həmçinin beynəlxalq könüllülük mövzusunda silsilə tədbirlər həyata keçiriləcək. 100-dən çox müraciətin daxil olduğu tədbirdə iştirak üçün 40-a yaxın tələbə-könüllü seçilib.
Tədbir fevralın 2-dək davam edəcək.
“Gəncliyin bir həftəsi” gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşünün artırılması, könüllülük dəyərlərinin aşılanması və onların asudə vaxtının səmərəli dəyərləndirilməsi məqsədi daşıyır. Bununla əlaqədar hər gün proqramın altı istiqamətini (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) təmsil edən təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı reallaşdırılır.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı milli könüllü platforması kimi 20 mindən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafının və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün altı istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Arzu edən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.