Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO
Neftçala, 14 avqust, AZƏRTAC
Yay aylarında Neftçalanın Xıllı qəsəbəsinin yaxınlığında maraqlı təbiət mənzərəsi formalaşır, ucsuz-bucaqsız çöllük sanki qar örtüyünə bürünür. Lakin bu, qar deyil, Günəşin istisi nəticəsində yaranan təbii duz təbəqəsidir. Yerli əhali arasında həmin ərazi “Duzdağ” kimi tanınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xıllı qəsəbəsindən bir neçə kilometr aralıda yerləşən “Duzdağ” illərdir diqqəti cəlb edir. Yay aylarında əraziyə gələn insanlar burada yaranan duzdan istifadə edirlər.

83 yaşlı Xıllı qəsəbə sakini İmanverdi Zeynalovun sözlərinə görə, “Duzdağ”ın yaranması ilə bağlı müxtəlif rəvayətlər nəsildən-nəslə ötürülüb. Bildirildiyinə görə, ərazi vaxtilə Xəzər dənizinin suları altında olub, suyun geri çəkilməsindən sonra isə burada duz yataqları formalaşıb. "Qış aylarında burada qrunt suları üzə çıxır. Yayda hava istiləşəndə su tədricən buxarlanır, burada qalın duz təbəqəsi qalır. Bu mənzərə hər il təkrarlanır. Sakinlər duzu yığıb, ehtiyacları üçün istifadə edirlər. Neftçaladakı bu duzun tərkibi laboratoriyada analiz olunsa, bəlkə də, çox qiymətli bir məhsul olduğu ortaya çıxar”, - deyə İmanverdi Zeynalov diqqətə çatdırıb.
Sakinlərin sözlərinə görə, əvvəllər “Duzdağ”ın ərazisi daha geniş olub. İllər keçdikcə təbii amillərin təsiri ilə sahə azalıb. Onların bildirdiklərinə görə, duz layının tam formalaşması təxminən 40 gün çəkir. Yayın sonlarında yağan ilk yağışlar zamanı isə duz təbəqəsi tədricən əriyərək yox olur.

Xıllı qəsəbə sakini Vidadi Həmzəyev deyir ki, “Duzdağ” yerli əhali üçün yeni “kəşf” deyil. O, uşaqlıq illərindən bu əraziyə gəldiklərini və buradan duz apardıqlarını bildirir:“Deyilənə görə, bu duzun xeyri çoxdur. Vaxtilə bu duzdan əsasən balıqları duzlamaq üçün istifadə edirdilər. Həmin balıqların daha dadlı olduğu deyilirdi”.
“Duzdağ”dan toplanan duzdan yalnız Neftçala sakinləri istifadə etmirlər, digər rayonlardan gələnlər də ərazidən duz aparırlar. Xüsusilə heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri bu təbii məhsula maraq göstərirlər. Onların sözlərinə görə, duzu heyvanlara verirlər.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də ərazidə xeyli duz toplanıb. Həmin duzun bir hissəsindən istifadə olunub, qalanı isə hələ də ərazidədir.
Müxbir - Aydın Yavərzadə