CƏMİYYƏT
Birgə layihənin növbəti mərhələsi həyata keçirilir
Naxçıvan, 1 iyul (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və Bakı şəhərində fəaliyyət göstərən “Roche Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti cari ilin fevral ayından etibarən “C” və “B” virus hepatitlərinin profilaktikası, müayinə və müalicəsi” adlı birgə layihə həyata keçirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, indiyədək layihə çərçivəsində keçirilən birgə tədbirlərdə kütləvi informasiya vasitələrində virus hepatitlərinin dünyada aktuallığı, həmçinin muxtar respublikada epidemioloji statusu barədə məlumatlar verilmişdir. Əhali üçün planlaşdırılan konsultasiyaların tarixi və yeri müəyyənləşdirilmiş, müayinələri aparacaq tibb işçiləri QİÇS ilə Mübarizə və Profilaktika Mərkəzində xüsusi təlim keçmiş, mərkəz müayinələr üçün kifayət qədər reaktivlə təmin edilmişdir. İlk mərhələdə Babək rayonunun Nehrəm kəndində 2 həftə ərzində 18 yaşdan yuxarı 2 min nəfərin müayinəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Artıq Nehrəm Kənd Sahə Xəstəxanasında layihənin növbəti mərhələsinə - əhalinin profilaktik müayinələrinə başlanılmışdır. Ətraf kəndlərin sakinlərini də əhatə edən müayinələr üçün kənd sahə xəstəxanasında xüsusi kabinə ayrılmış, lazımi şərait yaradılmışdır. Qan analizləri QİÇS ilə Mübarizə və Profilaktika Mərkəzində müayinə edildikdən sonra “Roche Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətində fəaliyyət göstərən yüksək ixtisaslı həkimlərin hepatit diaqnozlu xəstələrlə görüşü keçiriləcək və müalicə taktikası üçün göstərişlər veriləcəkdir.
Birgə layihə çərçivəsində Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında elmi-praktik konfrans da keçirilmişdir.