Birinci beynəlxalq xarakterli “Şuşa qrantı” məqsədli müsabiqəsi elan edilmişdir
Bakı, 8 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Şuşa qrantı” təsis etmişdir.
Fond 2012-ci il üçün birinci beynəlxalq xarakterli “Şuşa qrantı” məqsədli müsabiqəsini (EİF-2012-1(5) elan etmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 8-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında tədbir keçirilmişdir.
Tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” 2012-ci il 9 aprel tarixli Sərəncamının əhəmiyyətini vurğulamışdır.
Şuşanın Azərbaycanın gözəl bir guşəsi, mədəniyyət beşiyi olduğunu, xalqımıza böyük şəxsiyyətlər, mədəniyyət və incəsənət xadimləri bəxş etdiyini bildirən B. Səfərov bu şəhərin qəsbkar ermənilər tərəfindən işğal edildiyini xatırlatmışdır.
İctimai Birliyin sədri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birinci beynəlxalq xarakterli “Şuşa qrantı” məqsədli müsabiqəsi (EİF-2012-1(5) elan etdiyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Prezident İlham Əliyevin elmə daim böyük önəm verdiyini bildirmişdir.
Fondun təsis etdiyi “Şuşa qrantı” və elan etdiyi birinci beynəlxalq xarakterli “Şuşa qrantı” məqsədli müsabiqəsi barədə məlumat verən E. Babayev söyləmişdir ki, “Şuşa qrantı”nda təkcə Şuşanın deyil, bütövlükdə Qarabağın zəngin tarixinin, onun maddi, qeyri-maddi irsinin, o cümlədən memarlığının, arxeologiyasının, fauna və florasının, təbii sərvətlərinin müxtəlif istiqamətlər üzrə araşdırılması, tədqiqi nəzərdə tutulur.
Birinci beynəlxalq xarakterli “Şuşa qrantı” müsabiqəsinin ümumi maliyyələşdirilmə məbləği 150 min manatdır. Müsabiqə çərçivəsində təqdim olunacaq layihələr müxtəlif maliyyə məbləğli qrantlar şəklində olmaqla aşağıdakıları əhatə edəcəkdir: humanitar və ictimai elmlər sahəsini əhatə edən fundamental-tətbiqi xarakterli layihələr, ekspedisiya və çöl işləri xarakterli layihələr, tədqiqat mövzusu ilə əlaqəli respublika, regional və beynəlxalq səviyyəli konfrans, simpozium, seminar və digər elmi tədbirlərin Azərbaycanda təşkili və keçirilməsi, Azərbaycan alimlərinin və mütəxəssislərin tədqiqat mövzusu ilə bağlı xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə (bir qayda olaraq, dəvətli və şifahi məruzəçilər qismində) iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi, tamamlanmış və çapa hazır elmi əsərlərin (monoqrafiya, atlasların və s.) nəşrinin dəstəklənməsi.
Beynəlxalq əməkdaşlıq çərçivəsində təqdim olunan layihələrə seçim zamanı xüsusi üstünlük veriləcəkdir. Müsabiqədə fərdi şəkildə alimlər və ya elmi yaradıcı kollektivlər iştirak edə bilərlər. Qrantların verilməsi üzrə müsabiqədə iştirak etmək üçün ərizə və müvafiq sənədlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun internet saytından (http:||sdf.gov.az) əldə edilə bilər.
Müsabiqəyə təqdim edilmiş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiriləcəkdir.
AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev, Milli Məclisin deputatı Elman Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov və digər çıxış edənlər birinci beynəlxalq xarakterli “Şuşa qrantı” məqsədli müsabiqəsinin əhəmiyyətindən danışmışlar.