Birinci beynəlxalq xarakterli “Şuşa qrantı” müsabiqəsinin nəticələri açıqlanacaqdır
Bakı, 20 sentyabr (AZƏRTAC). Sentyabrın 21-də İçərişəhərdə, Qız qalasının yaxınlığında yerləşən “Muğam klubu”nda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) birinci beynəlxalq xarakterli “Şuşa qrantı” müsabiqəsinin nəticələri ilə bağlı tədbir keçiriləcəkdir.
Fondun icraçı direksiyasından AZƏRTAC-a bildirmişlər ki, Qarabağ, onun simvolu olan Şuşa ilə bağlı elmi tədqiqatları stimullaşdırmaq və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədi ilə EİF 2012-ci ildə “Şuşa qrantı”nı təsis etmişdir.
Azərbaycançılıq ideologiyası prioritetinə uyğun olaraq, bütövlükdə Qarabağın tarixinin, bu diyarın qədim və rəngarəng qeyri-maddi və maddi mədəni irsinin, mədəniyyət tarixinin, incəsənət sahələrinin və s. kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasının dəstəklənməsi məqsədi ilə elmi-tədqiqat proqramları və xüsusi layihələr üzrə 2012-ci il üçün birinci beynəlxalq xarakterli “Şuşa qrantı” məqsədli müsabiqəsi bu il mayın 8-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi ofisində keçirilən mətbuat konfransında elan edilmişdir.
Müsabiqə ilə bağlı müvafiq məlumat EİF-in internet səhifəsində və kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Ötən müddətdə müsabiqəyə təqdim olunmuş qrant layihələr ekspertiza mərhələlərindən keçmiş, qalib layihələr müəyyənləşdirilmişdir.
Müsabiqənin adının seçilməsinin, həmçinin müsabiqə haqqında elanın göstərilən tarixdə və adıçəkilən məkanda verilməsinin xüsusi rəmzi mənası vardır. İyirmi il əvvəl məhz mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Şuşa Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, nadir memarlıq nümunələrinin toplandığı şəhər-qala, Qarabağın tacı, mədəniyyət beşiyidir. Qəhrəmanlar, sərkərdələr, ədiblər, şairlər, bəstəkarlar, xanəndələr və alimlər yetirmiş Qarabağın zəngin və şanlı tarixi vardır.
Tədbirdə Vətənimizin bu dilbər guşəsinə həsr olunmuş müsabiqənin nəticələri və qalib layihələrin adları elan ediləcəkdir.