“Birinci Gəncə Qastroenteroloji günləri” adlı konfrans keçirilib
Bakı, 22 avqust, AZƏRTAC
Gəncədə ilk dəfə olaraq “Birinci Gəncə Qastroenteroloji günləri” adlı beynəlxalq konfrans keçirilib. Tədbir İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Gəncə Beynəlxalq Xəstəxanası, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası, Milli Onkologiya Mərkəzi, Azərbaycan Qastroenteroloqları və Hepatoloqlar İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunub.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının və ətraf rayonların qastroenteroloq, cərrah, onkoloq, hepatoloq, eləcə də terapevtlərin iştirak etdiyi konfransda Türkiyə, Rusiya, Ukrayna, eləcə də Bakıdan dəvət olunan professorlar, həkim mütəxəssislər iştirak edib.
Tədbirdə yerli və xarici mütəxəssislər tərəfindən “Endoskopik submukozal disseksion”, “Qida borusu stentlənməsi. Nə zaman? Hansı stent?”, “Heriatrik xəstələrdə üst GİS qanamalarının endoskopik müalicəsi”, “Perianal fistulların müalicəsində cərrahi müdaxilə üsullarının seçilməsi” və digər əlaqəli mövzularla bağlı məruzələr dinlənilib.
Türkiyədən dəvət olunan Qazi Universitetinin Tibb fakültəsinin həkimi, professor Mehmet İbişlə azərbaycanlı həkimlərin müasir yolla birgə həyata keçirdiyi mədə qanaması olan xəstəni endoskopik yolla müalicəsi də əməliyyatxanadan canlı izlənilib.
Avqustun 19-dan 21-nə kimi davam edən “Birinci Gəncə Qastroenteroloji günləri” tibbi konfransında təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli yolları barədə müzakirələr aparılıb, canlı təqdimatlar olub.