DÜNYA
BİŞKEKDƏ QIRĞIZISTAN-TÜRKİYƏ DANIŞIQLARI
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfəri zamanı prezident Əsgər Akayev ilə görüşmüşdür. Rəcəb Tayyib Ərdoğan jurnalistlərə danışıqların gedişindən razı qaldığını bildirərək demişdir ki, səfərdən məqsəd ölkələr arasında iqtisadi əməkdaşlığı möhkəmlətməkdir. Bu məqsədlə Türkiyə nümayəndə heyətinin tərkibinə daxil olan 200 biznesmen öz qırğız həmkarları ilə danışıqlar aparmışlar. Qırğızıstan iqtisadiyyatına türk sərmayəsinin cəlb olunması üçün imkanlar böyükdür və gələn il iki dövlət arasında mal dövriyyəsinin həcmi 200 milyon dollara çatacaqdır.
Daha sonra hökumət nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilmişdir.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Qırğızıstan parlamenti palatalarının sədrləri, xarici işlər naziri ilə də görüşmüş, Bişkekdəki “Manas” Qırğızıstan-Türkiyə Universitetində iqtisadiyyat və menecment-kommunikasiya fakültələrinin açılışında iştirak etmişlər.
Hər iki ölkənin hökumət başçılarının iştirakı ilə Qırğızıstan-Türkiyə İşgüzar Şurası keçirilmişdir.