BİŞKEKDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSI QOYULACAQDIR
Dövlət Komitəsinin əməkdaşı Füzuli Nəcəfov Qırğızıstanda olmuş, türkdilli xalqlar arasında dostluq və əməkdaşlığın inkişafında böyük rol oynamış görkəmli siyasi və ictimai xadimin xatirəsinə yaradılmış Fondun sədri Nüsrət Məmmədov və digər soydaşlarımızla görüşmüşdür.
Dahi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinə dair komissiyanın sədri, dövlət katibi Dastan Sarıqulovla görüşdə azərbaycanlıların cəmiyyətə inteqrasiyası, Azərbaycan diasporunun ikitərəfli münasibətlərin möhkəmlənməsində rolu barəsində fikir mübadiləsi aparılmışdır.
Dastan Sarıqulov Dünya azərbaycanlılarının II qurultayı ilə bağlı təəssüratını bölüşmüş, ölkəmizdə ona göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Dövlət katibi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarını, ölkəmizin iqtisadi və siyasi nailiyyətlərini yüksək qiymətləndirmiş, xalqımızın əldə etdiyi hər bir uğurun qırğız xalqı tərəfindən də sevinclə qarşılandığını söyləmişdir.
D.Sarıqulov Qırğızıstanda yaşayan azərbaycanlıların ölkənin ictimai siyasi həyatında daha fəal iştirakını təmin etmək məqsədi ilə Bişkek şəhərində “Azərbaycan evi”nin tikilməsi barədə soydaşlarımızın təşəbbüsünün ölkəsinin dövlət və hökumət rəsmiləri tərəfindən dəstəkləndiyini bildirmişdir.