MƏDƏNİYYƏT
Biz “Azərbaycan-Rusiya” körpüsü qururuq
![](/files/galleryphoto/2013/3/1200x630/140792700339844927_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270035042342993_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270033638027635_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270035385120952_1200x630.jpg)
Bakı, 30 oktyabr (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) “Biz “Azərbaycan-Rusiya” körpüsü qururuq” adlı tədbir keçirilmişdir RİMM nəzdindəki “Sozvezdiye” gənclik yaradıcılıq klubu tərəfindən təşkil edilmiş bu tədbir eyni vaxtda həm Bakıda, həm də Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) keçirilirdi. Tədbirdə RİMM və AMM uşaq yaradıcılıq mərkəzlərinin yetirmələri olan şagirdlərin rəsm əsərləri nümayiş etdirilmişdir.
RİMM-nin mətbuat xidmətində AZƏRTAC-a bildirmişlər ki, uşaqların bütün işləri Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına həsr edilmişdir.
Tədbirin açılış mərasimində “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov demişdir: “Bu sərgi RİMM tərəfindən 2014-cü il Soçi Olimpiadası ilə əlaqədar təşkil ediləcək silsilə tədbirlərin birincisidir”.
Öz işlərini tamaşaçıların və münsiflər heyətinin mühakiməsinə təqdim etmiş gənc rəssamlar özlərini əsl qaliblər kimi hiss edirdilər. Onlara mükafat olaraq həqiqi olimpiya medallarına oxşayan, lakin şokoladdan hazırlanmış rəmzi medallar təqdim edilmişdir.
Valideynlər və uşaqlar RİMM-nin uşaq yaradıcılıq mərkəzindəki rəssamlıq studiyasının pedaqoqu Münəvvər Muxtarovanı səmimi alqışlamışlar.
Mükafatlandırma mərasimindən sonra konsert olmuşdur. Bakı şəhərindəki 160 nömrəli klassik gimnaziyanın şagirdi Səbinə Məmmədova, Bakı şəhərindəki Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin şagirdi İlham Tağıyev, “Sozvezdiye” gənclik klubunun üzvü Nərmin Abbasova rus və Azərbaycan dillərində mahnılar oxumuş, Fərid Kazakov isə rus rəqsi ifa etmişdir.
Uşaq yaradıcılıq mərkəzinin yetirmələri Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət bayraqlarının rənglərində özünəməxsus moda nümayiş etdirmişlər.