BMT beynəlxalq ictimaiyyətin diqqətini itkin düşmüş zorakılıq qurbanlarına cəlb edir
Bakı, 30 avqust, AZƏRTAC
BMT beynəlxalq ictimaiyyətin diqqətini itkin düşmüş zorakılıq qurbanlarının taleyinə cəlb edir. Bu məqsədlə təşkilatın Baş Assambleyası 2010-cu il dekabrın 21-də qəbul etdiyi qətnamə ilə hər il avqustun 10-da Beynəlxalq İtkin Düşmüş Zorakılıq Qurbanları Günü elan edib. BMT dünyanın bir çox qaynar nöqtələrində, hətta inkişaf etmiş və sabitliyin hökm sürdüyü ölkələrdə insanların zorakılığa məruz qalaraq itkin düşməsi, o cümlədən gizli şəkildə həbs olunması, saxlanılması və oğurlanması, habelə qorxudulması hallarının artması ilə bağlı öz narahatlığını bildirib. Təşkilatın bəyanatında əhalinin yoxsul təbəqələrinin və fiziki imkanları məhdud olan şəxslərin bu hallarla daha çox üzləşməsinə, xüsusən “orqan mafiyası” tərəfindən azyaşlıların oğurlanaraq öldürülməsinə diqqət çəkilir.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, zorakılıqla itkin düşmə halları daha çox cəmiyyətdə qorxu yaratmaq məqsədilə törədilir. Bəzi ölkələrdə bu vasitə ilə həmin şəxslərin yaxınlarını, həmçinin bütövlükdə cəmiyyəti təhdid etmək məqsədi güdülür. Artıq bu problemin qlobal miqyas aldığı vurğulanan bəyanatda qeyd olunur ki, bu cinayətlər dünyanın konkret bir regionunda deyil, bütün qitələrdə baş verir. Xüsusən hərbi diktaturanın hökm sürdüyü, daxili münaqişələrin və vətəndaş müharibəsinin olduğu ölkələrin əhalisi bundan daha çox əziyyət çəkir. Silahlı münaqişə zonalarında da terrorçularla mübarizə adı altında insanların oğurlanması və müəmmalı şəkildə itkin düşməsi halları artıb.