BMT-də Beynəlxalq Yerli Xalqların Dilləri İlinə start verilib
Bakı, 2 fevral, AZƏRTAC
BMT Baş Assambleyası 2019-cu ili Beynəlxalq Yerli Xalqların Dilləri İli elan edib. 12 ay ərzində bütün dünyada yerli dillərin ölüb getməsi probleminə həsr edilmiş müxtəlif tədbirlər - sərgilər, forum və diskussiyalar keçiriləcək.
Fevralın 1-də Nyu-Yorkda BMT-nin qərargahında Beynəlxalq Yerli Xalqların Dilləri İlinə rəsmən start verilib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu gün dünyada 6700 dil var. Onların 96 faizi elə yerli xalqların dilləridir ki, həmin dillərdə planetimizin əhalisinin cəmi 3 faizə qədəri danışır. Belə dillərin çoxu və onlarla birlikdə mədəniyyətin, bilik və ənənələrin bütöv layları da yox olmaq həddindədir.
Boliviya Prezidenti, aymara yerli hindu xalqının nümayəndəsi Evo Morales Baş Assambleyada çıxış edib. O, çıxışına doğma aymara dilində başlayıb və yalnız iki dəqiqədən sonra ispan dilində davam edib. Morales deyib: “Bizi öz evlərimizdən qovmağa cəhd ediblər. Buna baxmayaraq biz salamat qalmışıq. Kütləvi köçürülmələrə, qətllərə, müharibələrə, zalımların bizim xalqı məhv etmək cəhdlərinə baxmayaraq biz salamat qaldıq. Biz müstəmləkəçilik dövründən salamat çıxdıq”.
Morales beynəlxalq birliyin BMT-nin qərargahında toplaşmış nümayəndələrinə müraciətlə deyib: “Mən sizin hamınızı yerli xalqların, onların milli identikliyinin, dəyərlərinin və mədəniyyətinin qorunub saxlanmasına yönəlmiş siyasət yürütməyə və bu siyasəti dəstəkləməyə çağırıram”.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı İdarəsinin məlumatına görə, praktiki olaraq dünyanın bütün regionlarında yerli xalqlar ayrı-seçkiliyə məruz qalır. Bir sıra ölkələrdə yerli xalqların torpaq əldə etmək hüququ pozulur, onların keyfiyyətli təhsildən və tibbi xidmətdən yararlanmaq imkanları məhduddur. Azsaylı yerli xalqların nümayəndələri çox hallarda bilavasitə onların özlərinə aid olan mühüm qərarlar qəbul olunması prosesində əsla iştirak etmirlər.
BMT-də qeyd edirlər ki, yerli xalqların dillərinin və ənənələrinin qorunub saxlanmasında dövlət siyasəti ilə yanaşı həmin xalqların nümayəndələri tərəfindən irəli sürülən təşəbbüslər də çox mühüm rol oynayır.
Baş Assambleyanın prezidenti Mariya Fernanda Espinoza deyib: “Mən yerli xalqların və onların təşkilatlarının bu gün burada iştirak edən nümayəndələrini salamlayıram. Siz yerli xalqların dilləri üçün və müvafiq surətdə onların mədəniyyəti üçün yaranmış təhdidlərə diqqətin cəlb edilməsində mühüm rol oynayırsınız”.