BMT Livandakı sülhməramlıların mandatının müddətini artırıb
Bakı, 30 avqust, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasının iclasında Livandakı sülhməramlı qüvvələrin (UNFIL) mandatının müddəti daha bir il artırılıb. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, Təhlükəsizlik Şurasının üzvləri bu qərarı yekdilliklə dəstəkləyiblər. Bundan başqa, iclasda iştirak edən 15 daimi və qeyri-daimi üzv ölkə İsrail və Livanı atəşkəs rejiminə əməl etməyə və bütün problemləri danışıqlar yolu ilə nizama salmağa çağırıb.
Qərarla bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq bəyanatında bildirilir ki, UNFIL bu bölgədə sülhün təmin edilməsində mühüm rol oynayır və Livan hökuməti onun fəaliyyətinin dəstəklənməsi üçün bütün zəruri tədbirləri görməlidir. Həmçinin, “Mavi xətt” adlanan təmas xəttində havadan və qurudan atəşkəsin pozulması halları qətiyyətlə pislənilib və düşmənçiliyin aradan qaldırılması üçün tərəflərin BMT və UNFIL ilə sıx əməkdaşlığının vacibliyi vurğulanıb. Qeyd edilib ki, 120 kilometr uzunluğunda olan “Mavi xətt” 2000-ci ildə İsraillə Livan arasında BMT-nin yardımı ilə çəkilib.
BMT Təhlükəsizlik Şurasının bəyanatında İsrail qoşunlarının Şimali Qacar kəndində yerləşən ərazidən çıxarılmasının da zəruriliyi vurğulanıb.
UNFIL 1978-ci ildə Livanın şimalında yerləşdirilmiş BMT-nin çoxmillətli sülhməramlı qoşunudur. Onun məqsədi İsraillə Livan arasına atəşkəs rejiminin monitorinqi və münaqişənin yenidən alovlanmasının qarşısının alınmasıdır. Münaqişə tərəfləri arasında atəşkəs rejimi 2006-cı ildə İsraillə “Hezbollah” arasında sazişdən sonra bərqərar olub.