BMT-nin nümayəndəsi: Ebolaya qarşı mübarizədə hələlik Ebola qalib gəlir
Beynəlxalq birlik Ebolanın yayılma sürəti ilə ayaqlaşa bilmir. Virus tibb işçilərinin gördüyü tədbirlərlə müqayisədə daha sürətlə yayılır.
AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Ebolaya fövqəladə reaksiya missiyasının başçısı Entoni Benberi qurumun Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
O bildirib ki, hazırda başlıca məsələ xəstəliyə yoluxanlarla təmasda olanları üzə çıxarmaq, onları müalicə və qulluq ilə təmin etmək, dəfn prosedurlarının təhlükəsizliyinə nail olmaq, virusdan qorunmaq yollarını adamlara öyrətməkdir. E.Benberi deyib: “Bu məsələləri yaxın iki ayda həll etməsək, çoxlu sayda insan tələf olacaq. Biz xəstə insanların ölməsinə yol verməmək, habelə hazırda sağ-salamat olan, lakin fövqəladə tədbirlər görülməsə, Ebolaya yoluxub tələf olacaq insanları qorumaq üçün mübarizə aparırıq. Əgər indi Ebola dayandırılmasa, çox çətin vəziyyətlə üzləşəcəyik”.
Şuranın iclasında Eboladan ən çox ziyan çəkmiş Syerra-Leone və Liberiya səfirləri iştirak ediblər. Onlar vurğulayıblar ki, yoluxanların üçdə iki hissəsi əmək qabiliyyəti olan insanlardır. Bu ölkələrdə məktəb və kolleclər bağlanır. Tibb heyəti ölür.
Somaliyə yardım etmək istəyən 850 sülhməramlıdan ibarət batalyon Syerra-Leonedə karantindədir. Liberiyada oktyabr ayına nəzərdə tutulan parlament seçkilərini başqa vaxta keçirməli olublar.
Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hazırda Ebola qızdırmasına 8913 yoluxma faktı qeydə alınıb.