CƏMİYYƏT
BMT-nin xüsusi məruzəçisi “fastfud” təhlükəsi barədə xəbərdarlıq edir
Bakı, 12 iyun (AZƏRTAC). Hamburqer, pittsa, çips, şəkərli sulara və sağlamlığa ziyan vuran digər məhsullara aludə olmaq piylənməyə gətirib çıxarır. Bu xəbərdarlığı barədə BMT-nin hər kəsin ən yüksək fiziki və psixi sağlamlı hüququ məsələsinə dair xüsusi məruzəçisi Anand Qrover etmişdir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Anand Qrover Cenevrədə İnsan Hüquqları Şurasının 26-cı sessiyasının nümayəndələri qarşısında çıxışında vurğulamışdır ki, yanlış qidalanmaya - “fastfuda” meylli olmaq piylənmə ilə nəticələnir. Piylənmə hər il təxminən 2,8 milyon insanın həyatına son qoyan qlobal epidemiyaya çevrilmişdir.
Ziyanlı məhsulların cüzi miqdarda yeyilməsi və daha sağlam yeməklərlə uyğunlaşdırılması sağlamlıq üçün bir o qədər də təhlükəli deyildir. Lakin cəlbedici dad keyfiyyətləri və aqressiv marketinq sayəsində tərkibində şəkər, duz, transyağ turşuları və doymuş yağlar olan məhsullar daha faydalı məhsulları rasiondan sıxışdırıb çıxarır. “Fastfud” məhsullarının böyük əksəriyyəti əsaslı şəkildə emal olunur və hazır vəziyyətdə təklif olunur. Faydalı bəsləyici keyfiyyətlərdən tamamilə məhrum olan bu məhsullar çox artıq kalorilidir.
BMT-nin xüsusi məruzəçisi qeyd etmişdir ki, zəmanəmizdə 2.1 milyard insan artıq çəkidən və piylənmədən əziyyət çəkir. Bunun səbəbkarı isə qeyri-sağlam qidalardır.
Xüsusi məruzəçi dünya dövlətlərinə müraciət edərək, israrla onları əhalinin sağlamlığını təhlükə altında qoyan ərzaq sahəsində struktur dəyişiklikləri ilə bağlı problemlərin həlli ilə məşğul olmağa çağırmışdır. O xatırlatmışdır ki, sağlam olmaq hüququnu müəyyən edən əsas amillərdən biri yetərincə və dolğun qidalanmadır.