BMT QAK: Qaçqınlar üçün Aralıq dənizinin təhlükəsi daha da artıb
Cenevrə, 30 yanvar, AZƏRTAC
Ötən il Avropaya üz tutan və marşrutu Aralıq dənizini keçməklə seçən qaçqınlar üçün həyati təhlükə daha da artıb.
Bu barədə məlumat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 2018-ci ildə qaçqın və miqrantlarla bağlı hesabatında yer alıb. Hesabatda qeyd edilir ki, Liviya, Malta və İtaliya kimi Avropa İttifaqı ölkələri arasında bu məsələdə vəziyyətin kəskinləşməsi ölüm hallarının ciddi şəkildə artmasına gətirib çıxarıb. Belə ki, Liviyadan Avropa sahilləri istiqamətində yola çıxan gəmi və qayıqlara öz ərazilərinə yan almağa icazə verməyən bu ölkələr, eyni zamanda, qaçqınlara yardım göstərən təşkilatlara onları öz gəmilərinə götürərək xilas etməyi də çox vaxt qadağan edirlər. Məqsəd həyati təhlükəni nəzərə alaraq qaçqınların bu təhlükəli səfərdən imtina etməsinə nail olmaqdır, lakin həmin məhdudlaşdırıcı qaydalar insanları səfərdən çəkindirmək əvəzinə, bir çox hallarda onların ölümünə yol açır.
Beynəlxalq təşkilatın məlumatında qeyd edilir ki, Aralıq dənizi vasitəsilə qaçqın axınında ölüm halları üç dəfəyədək artıb. 2017-ci ildə dəniz yolu ilə səfərə çıxan hər 38 qaçqından biri dənizdə həlak olurdusa, 2018-ci ildə hər 14 qaçqından biri dənizdə həyatını itirməli olub. Axtarış və xilasetmə missiyalarının məhdudlaşdırılması bu istiqamətdə ciddi rol oynayıb və ötən il hər gün orta hesabla altı nəfər Aralıq dənizində batıb. 2017-ci ildə hər gün səkkiz nəfər dənizdə həlak olsa da, həmin qaçqınların sayı da çox olub. 2017-ci ildə təxminən 172 min nəfər Şimali Afrikadan Avropa sahilləri istiqamətində səfərə çıxıb, keçən il isə bu rəqəm 117 min nəfərə düşüb. Rəsmi rəqəmlərə görə, ötən il dənizdə həlak olan qaçqınların sayı 2275 nəfər olub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə