BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) Riyaziyyat və kompüter elmləri kafedrası alimlərinin həmmüəllifi olduğu “Theory of Probability and Statistics: Solved Problems and Exercises” (“Ehtimal nəzəriyyəsi və statistika: həll edilmiş məsələlər və çalışmalar”) adlı kitab “Elsevier” tərəfindən nəşrə hazırlanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, kitabın müəllifləri kafedranın müdiri professor Rakib Əfəndiyev, dosent Hümbət Əliyev və Hindistanın Anand Beynəlxalq Mühəndislik Kollecinin professoru Praveen Agarvaldır. “Elsevier”in rəsmi məlumatına görə, kitabın birinci nəşrinin 2027-ci il aprelin 1-də çapdan çıxması nəzərdə tutulur.
Bakalavriat və magistratura tələbələri üçün nəzərdə tutulan kitab ehtimal nəzəriyyəsi və statistikanın əsas anlayışlarını nəzəri və praktiki yanaşma əsasında təqdim edir. Nəşrdə məlumatların təşkili və təsviri, ehtimal nəzəriyyəsi, diskret və kəsilməz təsadüfi dəyişənlər, ehtimal paylanmaları, seçmə paylanmaları, interval qiymətləndirilməsi, statistik hipotezlərin yoxlanılması, qeyri-parametrik testlər və sadə xətti reqressiya kimi mövzular əhatə olunur.
Kitabın əsas xüsusiyyətlərindən biri nəzəri biliklərin həll edilmiş məsələlər və çalışmalarla əlaqələndirilməsidir. Müəlliflər mövzuların daha yaxşı mənimsənilməsi üçün nəzəri izahlarla yanaşı, addım-addım həll nümunələri və praktiki çalışmalar təqdim edirlər.
“Elsevier” tərəfindən kitab üçün müəllim vəsaiti, məlumat dəstləri və interaktiv onlayn resursların da təqdim olunması nəzərdə tutulur.