BMU-da deputatlar tələbələr ilə görüşüb










Bakı, 30 aprel, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin deputatları Nigar Məmmədova, Səbinə Xasayeva, Naqif Həmzəyevlə tələbələrin görüşü keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş “Konstitusiya və Suverenlik İli: yeni çağırışlar və müasir Azərbaycan gəncliyi” mövzusuna həsr olunub.
Rektor Yaqub Piriyev Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının təkcə dövlətçilik tariximizin öyrənilməsi deyil, həmçinin postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük önəm daşıması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanan və 1995-ci il noyabrın 12-də referendum vasitəsilə qəbul olunan Konstitusiyamız ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.
Vətən müharibəsində əldə olunan tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində Konstitusiyamızın hüquqi qüvvəsinin bütün ölkə ərazisində bərqərar edildiyini söyləyən rektor, eləcə də yeni reallıqlar şəraitində gənclərin qarşısında dayanan bir sıra mühüm vəzifələrə toxunub. Eyni zamanda, onların milli maraqları daima rəhbər tutacaqlarına, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyəcəklərinə, ölkəmizin beynəlxalq imicinin qorunması və hüquqi dəyərlərimizin təbliğində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə inamını ifadə edib.
Deputat Nigar Məmmədova Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, uğurlu təhsili, elmi fəaliyyətə maraqlı, bütün texnoloji yeniliklərə açıq, yüksək mənəvi keyfiyyətlərə sahib olmasının dövlət gənclər siyasətinin əsasında dayandığını bildirib. Ölkəmizdə könüllülük hərəkatının gəncliyə sosiallaşma, təcrübə, geniş əlaqələr qazandırdığını deyərək, tələbələri bütün fürsətləri dəyərləndirməyə çağırıb. Deputat deyib ki, tələbəlik illərindən yüksək fəallıq, komanda ruhu ilə çalışmaq, elmdə həmrəy olmaq vacibdir və zamanın çağırışlarına cavab vermək uğurlu karyeranın təməlini təşkil edir.
BMU-nun texniki ixtisaslarında qızları görməyin qürurverici olduğunu bildirən deputat Səbinə Xasayeva xanımların potensialının düzgün qiymətləndirilməsinin cəmiyyətimiz üçün faydalılığını qeyd edib. Bu gün yaxşı mütəxəssis olmaq üçün ali təhsilin kifayət etmədiyini, həmçinin texnoloji bacarıqlar və yeni vərdişlər qazanmağın önəminə diqqət çəkən deputat gəncləri dövrlə ayaqlaşmağa səsləyib.
Deputat Naqif Həmzəyev isə Azərbaycanın son 30 ildə qazandığı uğurlarının qısa xronologiyasını gənclərə anladıb, 1990-cı illərin əvvəllərində gənc nəslin yaşadığı məşəqqətlər, böhranlarla müqayisədə onları şanslı adlandırıb. Həmçinin bugünkü Azərbaycanda gəncliyin inkişafı üçün geniş islahatlar aparıldığını, karyera layihələrinin, startap yarışlarının, o cümlədən dövlət, qeyri-dövlət sektorunda vəzifə pillələrində yüksəlmək imkanlarının mövcud olduğunu deyərək gənclərə karyeralarına məhz təhsil dövründən başlamağı, planlı olmağı tövsiyə edib.
Sonra tələbələr deputatlara Konstitusiyamızın tarixi, habelə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, qlobal siyasi məsələlərlə bağlı suallar ünvanlayıblar.
Deputatlar hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirib, tələbələrdə müəyyən fikir formalaşdırıblar.