BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub
Bakı, 23 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri Rakib Əfəndiyevin həmmüəllifi olduğu elmi məqalə yüksək impakt faktorlu, Q1 kateqoriyalı beynəlxalq elmi jurnalda dərc edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Qeyri-özünəqoşma Sturm-Liouville sərhəd məsələsinin spektral və tərs təhlili” (On a Non-Self-Adjoint Sturm–Liouville Problem: Spectral and Inverse Analysis) adlı tədqiqat işi “Scopus” beynəlxalq elmi bazasında indekslənən “Boundary Value Problems” (SpringerOpen) jurnalında yer alıb. Jurnal “Algebra and Number Theory” istiqaməti üzrə Q1 kvartilinə daxildir. Məqalə açıq giriş (Open Access) formatında nəşr olunub.
Tədqiqat işində kompleks qiymətli potensiala malik, öz-özünə qoşma olmayan Şturm-Liuvill sərhəd məsələsi araşdırılıb. Məqalədə fundamental həllər qurulub, xarakteristik funksiya müəyyən edilib və diskret spektr təhlil olunub. Eyni zamanda, potensialın müsbət yarımox üzərinə davam etdirilməsi əsasında Jost tipli həllər daxil edilərək onlara uyğun spektral əmsal təyin olunub. Bununla yanaşı, Qrin funksiyası və rezolvent operator tədqiq edilib, spektrin kompaktlığı və diskretliyi nəzəri olaraq əsaslandırılıb.
Araşdırmanın nəticələri öz-özünə qoşma olmayan diferensial operatorların spektral nəzəriyyəsi və tərs məsələlərin öyrənilməsi istiqamətində mühüm elmi əhəmiyyət daşıyır, bu sahədə gələcək tədqiqatlar üçün nəzəri baza formalaşdırır.
Məqalə ilə buradan tanış olmaq mümkündür.