BOLQARISTAN AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Azərbaycan parlamentinin rəhbəri bildirmişdir ki, bu gün Azərbaycan sürətlə inkişaf edir və regionda lider dövlətdir. Bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınması, Bakı-Tbilisi–Ərzurum qaz kəmərinin artıq istismara hazır olması mövqelərimizi daha da möhkəmləndirir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artırır. Biz Bolqarıstanla əlaqələrin inkişafında maraqlıyıq. Bolqarıstan NATO-nun üzvüdür, gələn ildən Avropa İttifaqına sədrlik edəcəkdir. Düşünürük ki, Bolqarıstan Azərbaycanın bu qurumlara inteqrasiyasında ölkəmizə tam dəstək olacaqdır.
Sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermiş, problemin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Bolqarıstan parlamentinin rəhbərinə minnətdarlıq etmişdir.
Georgi Pirinski onu Bakıya dəvət etdiyinə, göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. O demişdir ki, Azərbaycanın dinamik inkişafı göz qabağındadır və bu, Bolqarıstanın diqqət mərkəzindədir. Bolqarıstan demokratik inkişaf yolu tutmuş və sürətlə Avropaya inteqrasiya edən Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Səfərin əsas məqsədlərindən biri də həm parlamentlərarası, həm də digər sahələrdə əlaqələrin inkişafına dair danışıqlar aparmaqdır.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, müavin Valeh Ələsgərov, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak etmişlər.