BOLQARISTAN İLƏ ƏLAQƏLƏR GENİŞLƏNİR
Ölkəmizdə uğurla davam etdirilən iqtisadi islahatlar, qazanılmış nailiyyətlər barədə ətraflı məlumat verən nazir H.Babayev Azərbaycanda beynəlxalq iqtisadi əlaqələrin inkişafına böyük diqqətlə yanaşıldığını qeyd etmişdir. Nazir ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstana rəsmi səfərinin ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə təkan verdiyini və münasibətlərin inkişafında böyük rol oynadığını vurğulamışdır.
Nazir demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il sentyabrın 23-24-də Bolqarıstana rəsmi səfəri zamanı aparılmış danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə imkan yaratmışdır. Bolqarıstan ilə ticarət dövriyyəsinin həcmi 2005-ci ildə 105,4 milyon ABŞ dollarına çatmışdır. Bununla belə, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensial vardır.
Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu nəzərə çatdıran Heydər Babayev Bolqarıstan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmiş və demişdir ki, ölkələrimizin biznes dairələri, sahibkarları arasında işgüzar əlaqələrin inkişafında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu əhəmiyyətli rol oynaya bilər.
Bolqarıstan parlamentinin sədri Georgi Pirinski səmimi qəbul üçün minnətdarlıq edərək, ölkəsində Azərbaycan ilə iqtisadi əlaqələrın inkişafına xüsusi önəm verildiyini bildirmişdir. Azərbaycanın regionda böyük nüfuza malik dövlət olduğunu vurğulayan G.Pirinski, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin istifadəyə verilməsinin əhəmiyyətini vurğulamış və dünyada oxşarı olmayan bu kəmərin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətini qeyd etmişdir. Georgi Pirinski Bolqarıstanın Azərbaycan ilə iqtisadi əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.
Görüşdə Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev iştirak edirdi.