BORÇALILARIN TƏLƏBİ: “BİZ DÖVLƏTİ DƏSTƏKLƏYİRİKSƏ, DÖVLƏT DƏ BİZİ DƏSTƏKLƏMƏLİDİR”
Mitinqi parlamentin deputatı Zümrüd Qurbanov açaraq, Gürcüstanın digər milli azlıqlarının nümayəndələri kimi, azərbaycanlıların da ölkədə son günlər baş verən proseslərdən, radikal müxalifətin millətçi tələblərindən, özbaşınalığından narahat olduqlarını bildirdi. Natiq dedi ki, Gürcüstan azərbaycanlıları qanuna tabe, zəhmətsevər, dövlətçilik seçiminə sadiq insanlardır, yenicə kövrək addımlarını atan Gürcüstan demokratiyasına problem yaratmaq istəmirlər. İfrat millətçilik azarına tutulan radikal müxalifətin liderlərindən qəti tələb edirik ki, sözlərinə sərhəd qoyub, milli azlıqların ünvanına hədyan ifadələrindən əl çəksinlər. Biz, Kvemo Kartli - Borçalı bölgəsinin çoxmillətli əhalisi öz səsimizi, seçimimizi, milli mənafeyimizi qorumağa qadirik və bu istiqamətdə heç kəsə güzəştə getməyəcəyik.
Mitinqdə “Yeni Gürcüstan uğrunda” blokdan Gürcüstan parlamentinə deputatlığa namizəd David Əhmədov, “Qeyrət” xalq hərəkatının sədri Əlibala Əsgərov, Marneuli şəhər bələdiyyəsinin başçısı Rafiq Hacıyev, veteran müəllim Halay Əliyev, Gürcüstan parlamentinin deputatı Hidayət Hüseynov və başqaları çıxış edərək, Gürcüstan prezidentindən, hakimiyyətdən onların hüquqlarını qorumalarını tələb etmişlər. Yekdil fikir belə ifadə olunmuşdur: Gürcüstan azərbaycanlıları özbaşınalığın və anarxiyanın əleyhinədir, dövləti, dövlətçiliyi dəstəkləyir və dövlətdən də onları dəstəkləməsini, insan hüquq və azadlıqlarını qorumasını tələb edir.
“Yeni Gürcüstan uğrunda” blokun liderlərindən İrina Sarişvili–Çanturiya və Levan Mamaladze daim təmkin və dözümlülük göstərən, öz insan hüquqlarını qoruyan, Gürcüstan dövlətçiliyinə və demokratiyaya sadiqliyi ilə seçilən borçalılara təşəkkür etmişlər. Natiqlər mitinq iştirakçılarını əmin etmişlər ki, milli azlıqların, o cümlədən azərbaycanlıların hüquqlarının qorunması üçün iqtidar lazımi tədbirlər görəcəkdir.