Botanika İnstitutunun əməkdaşı Çexiyada keçirilmiş tədbirdə məruzə ilə çıxış etmişdir
Bakı, 12 noyabr (AZƏRTAC). Avropa İttifaqının 7-ci Çərçivə Proqramı üzrə dəstəklədiyi “BIOPARTNERS” qrupu Praqada “Qida analizi üzrə son nailiyyətlər. RAFA-2013” layihəsi üzrə VI Beynəlxalq simpozium çərçivəsində “Avropa və Cənubi Qafqaz ölkələrində ərzaq elmləri və texnologiyaları sahəsində son tərəqqilər” mövzusunda növbəti şəbəkə sessiyasını təşkil etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, bu qurumun elmi informasiya və innovasiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva sessiyada “Azərbaycanın deqradasiya olunmuş ərazilərinin yaxşılaşdırılması üçün bioloji yanaşmalar” mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbirdə Azərbaycanın bu proqrama cəlb edilməsi və proqram çərçivəsində 2014-cü ildə təşkil ediləcək yay məktəbində azərbaycanlı gənc mütəxəssislərin iştirakı etməyi qərara alınmışdır.
Treninq gənclərə qida elmləri sahəsində əldə edilmiş yeni nailiyyətlərə və texnologiyalara yiyələnmək imkanı yarada bilər və bu təcrübə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində AMEA-nın Botanika İnstitutu tərəfindən həyata keçirilən tədbirlərin icrasında uğurla tətbiq edilə bilər.