Botanika İnstitutunun əməkdaşı Qırğızıstanda keçirilən beynəlxalq konfransda məruzə edib
Bakı, 16 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri biologiya elmləri doktoru, professor Dilzarə Ağayeva Qırğızıstanın Manas şəhərində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, alim BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi “Qırğızıstanın qoz-meyvə meşələri: ümumdünya təbii irsi, biomüxtəliflik üçün qlobal xəzinə, iqlim və davamlı inkişaf” mövzusunda beynəlxalq konfransa, eləcə də Avropa və Mərkəzi Asiya üçün Meşə İnvaziv Növlər Şəbəkəsinin (REUFIS) illik toplantısına qatılıb.
Tədbirin əsas məqsədi Qırğızıstanın qoz-meyvə meşələrinin qorunması, davamlı idarə olunması və inkişafı ilə bağlı məsələlərin müzakirəsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması olub. Konfrans çərçivəsində alim “Azərbaycanda qərzəkli meyvəlilər: müxtəlifliyi, istifadəsi və xəstəlikləri” mövzusunda məruzə ilə çıxış edib. O, təqdimatında Azərbaycanda yayılan qərzəkli meyvə bitkilərinin müxtəlifliyi, onların təsərrüfat əhəmiyyəti, istifadə istiqamətləri və əsas xəstəlikləri haqqında məlumat verib. Beynəlxalq tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin, Qırğız Respublikasının dövlət qurumlarının və bir sıra beynəlxalq təşkilatların, 20-dən çox ölkənin nümayəndələri iştirak ediblər. Tədbir əyani və hibrid formatda keçirilib.
Beynəlxalq konfrans və toplantı biomüxtəlifliyin qorunması, meşə ekosistemlərinin davamlı idarə olunması və invaziv növlərlə mübarizə sahəsində təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.