Botoks beyini zədələyir, səadətdən məhrum edir
Bakı, 18 mart (AZƏRTAC). Üz dərisinin dartılması üçün istifadə olunan botoks preparatı sağlamlığa ciddi ziyan vura bilər. Son araşdırmalara görə, botoksdan istifadə görmə qabiliyyəti və baş beyin üçün təhlükəlidir.
“Daily Mail” qəzetinin yazdığına görə, sən demə, 2012-ci ildə botoks azı 32 adamın kor olmasına səbəb olmuşdur
Böyük Britaniyanın ən tanınmış plastik cərrahlarından biri Culian de Silva demişdir ki, geləbənzər maddə olan botoks təsadüfən üz arteriyasına düşəndə fəsadlar yaranır.
Nüfuzlu həkim demişdir: “Botoksun gözlərin arxa hissəsini oksigenlə təchiz edən arteriyaya düşməsi görmə qabiliyyətinin itirilməsi, habelə insult ilə nəticələnir, həmin maddənin beyinə daxil olan oksigenin qarşısını alması təhlükəsi yaranır”.
Bu sahədə aparılan araşdırmalardan birinə görə, 2012-ci ildə Britaniyada 32 adam botoksdan sonra kor olmuşdur. Bu cavanlaşdırma preparatı azı dörd pasiyentdə insult və beyinin zədələnməsi ilə nəticələnmişdir. Maraqlıdır ki, bu, botoksun kənar təsiri barədə ilk məlumat deyildir.
Daha əvvəl məlumat verilmişdi ki, həmin preparat həssaslığı azaldır. Başqa sözlə desək, üzdə emosiyalar ifadə etmək imkanını məhdudlaşdırır, sinirlərin beyinlə əlaqəsini zəiflədir. Bu, insanın hiss edəcəyi duyğular spektrinə mütləq təsir göstərir. Həmin səbəbdən insan özünü xoşbəxt hiss edə bilmir, axı, gülümsəmək imkanı əhval-ruhiyyəmizlə bilavasitə bağlıdır.
Həkimlər şikayətlənirlər ki, botoks istehsalçıları preparatın inyeksiyasından sonra yarana biləcək kənar təsirlər barədə susurlar.