Böyük Britaniya kibertəhdidlərə qarşı qanunları sərtləşdirməyi planlaşdırır
London, 12 noyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti dövlət xidmətlərini kibertəhdidlərdən qorumaq məqsədilə yeni və daha sərt təhlükəsizlik qanunları hazırlayır.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, yeni qaydalar həm dövlət, həm də özəl sektora xidmət göstərən şirkətlərə, o cümlədən Milli Səhiyyə Xidmətinə (NHS) xidmət edən təşkilatlara ciddi təhlükəsizlik standartlarına riayəti məcburi edəcək. Təklif olunan qanun layihəsi 2024-cü ildə Müdafiə Nazirliyinin əməkhaqqı sisteminə edilən haker hücumu və 11 minədək NHS tibbi prosedur və görüşün pozulması ilə nəticələnən kiberhücumdan sonra gündəmə gətirilib.
Son aylarda “Marks & Spencer”, “Co-op” və “Jaguar Land Rover” kimi iri Britaniya şirkətlərinə qarşı da oxşar hücumlar baş verib. Elm, İnnovasiya və Texnologiya Departamentinin açıqlamasında bildirilir ki, yeni qanun layihəsinə əsasən IT idarəçiliyi, texniki dəstək və kibertəhlükəsizlik xidmətləri göstərən orta və böyük şirkətlər dövlət tənzimləməsinə tabe olacaq. “Bu şirkətlər hökumət, kritik infrastruktur və biznes şəbəkələrinə etibarlı girişə malik olduqları üçün konkret təhlükəsizlik öhdəliklərini yerinə yetirməlidirlər”, - deyə qurumun bəyanatında qeyd olunub.
Əgər təkliflər təsdiqlənərsə, şirkətlərdən hər hansı əhəmiyyətli və ya potensial əhəmiyyətli kibertəhlükə barədə hökumətə və müştərilərinə dərhal məlumat vermək, həmçinin hadisələrin nəticələrini idarə etmək üçün güclü planlara malik olmaq tələb ediləcək.
AZƏRTAC-ın xüsusi müxbiri
London