BÖYÜK BRİTANİYA VƏ İSPANİYA TÜRKİYƏNİN AVROPA İTTİFAQINA DAXİL OLMASINI DƏSTƏKLƏYİRLƏR
Bu bəyanatlar Avropa Komissiyasının Türkiyə ilə həmin məsələyə dair danışıqları qismən dondurmağı tövsiyə etmək niyyətində olduğunu açıqladıqdan sonra səslənmişdir.
İspaniyanın Baş naziri Xose Luis Rodriges Sapatero demişdir: “Avropa İttifaqının intensiv işi davam etdirməsi və qapıların Türkiyə üçün açıq qaldığını göstərməsi vacibdir”.
Britaniyanın Baş naziri Toni Bleyer isə Avropa İttifaqını Türkiyə barəsində bədxah addımlardan çəkindirmişdir. Bleyerin sözlərinə görə, Türkiyənin Avropa İttifaqına qoşulması prosesi “bütün tərəflərin kompromislərini” tələb etsə də, bu prosesdən imtina olunması məqbul deyildir. O demişdir: “Biz göstərməliyik ki, Türkiyənin Aİ-yə qoşulması prosesinə başlamağa hazırıq”. Bleyer xüsusi vurğulamışdır ki, “Türkiyə barəsində bədxah addımlar uzunmüddətli planda böyük səhv olardı”.
Avropa Komissiyası Türkiyənin Aİ-yə qoşulması haqqında onunla danışıqları qismən dondurmağı tövsiyə etmək niyyətində olduğunu Ankara ilə Aİ arasında Kipr məsələsinə dair danışıqlar nəticəsiz başa çatdıqdan sonra bildirmişdir.
Kipr məsələsi Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərdə ən kəskin məsələlərdən biridir. Noyabrın əvvəllərində Avropa Komissiyası, Gömrük İttifaqının əlavə protokolunda nəzərdə tutulduğu kimi, Türkiyənin öz limanlarını Kipr Respublikasına açması barədə öhdəliklərin yerinə yetirilməsi üçün Ankaraya Aİ-nin dekabrın 14-15-də keçiriləcək zirvə toplantısınadək möhlət vermişdir.
Türkiyə hökuməti dəfələrlə bəyan etmişdir ki, Şimali Kiprin beynəlxalq aləmdən təcrid olunması rejimi götürülməyincə, öz dəniz və hava limanlarını Kipr Respublikası üçün açmayacaqdır.
Xatırladaq ki, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv kimi daxil olmasına dair danışıqlar keçən ilin oktyabrında başlanmışdır.