bp: Azərbaycanda yaradılan süni intellekt əsaslı həllər beynəlxalq bazarlara çıxır VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
Bakı enerji sənayesi üzrə peşəkar potensialı və texnoloji imkanları sayəsində yeni qlobal enerji mərkəzlərindən birinə çevrilmək potensialına malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Forumunda “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın enerji sektorunda tətbiq olunan qabaqcıl texnologiyalar və formalaşan peşəkar kadr bazası artıq beynəlxalq səviyyədə diqqət çəkir.
“Azərbaycanda yaradılan və süni intellekt əsaslı həllər təqdim edən şirkətlər əldə etdikləri təcrübəni beynəlxalq bazarlara da çıxarırlar. Bakı hazırda yeni bir Hyuston olmaq yolundadır. “Azəri-Çıraq-Günəşli” yatağında hasilatın səmərəli idarə olunması üçün 4D seysmik tədqiqatlar, süni intellekt və digər innovativ texnologiyalardan istifadə edilir. Enerji sektorunda uğurun əsas şərti texnologiya, insan kapitalı və əməkdaşlığın bir araya gətirilməsidir”,- deyə bp rəsmisi vurğulayıb.