“Breyn-rinq” intellektual bilik yarışına 390 şagirddən ibarət 65 komanda qatılıb
Bakı, 25 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin tabeliyində olan 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Keçmişimiz, bu günümüz, gələcəyimiz!” mövzusunda “Breyn-rinq” intellektual bilik yarışının ikinci (rayon) mərhələsi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkara çıxarmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Bilik yarışına məcburi köçkün rayonlarının Bakıda yerləşən ümumtəhsil müəssisələrindən VII-IX siniflər üzrə intellektual səviyyəsi, hazırlığı ilə seçilən 390 şagirddən ibarət 65 komanda qatılıb.
Rayon mərhələsinin birinci günündə Şuşa, Laçın, Zəngilan, Qubadlı, Xocavənd, Kəlbəcər, Ağdam rayonunun məktəblərindən 35, ikinci günü isə Xocalı, Füzuli, Ağdam, Сəbrayıl rayon məktəblərindən 30 komanda iştirak edib.
İki gün ərzində hər birində 6-7 komandanın iştirakı ilə 10 oyun keçirilib. Hər oyunda Azərbaycan tarixi, coğrafiya və həyat bilgisi fənlərindən 4 sual olmaqla 12 sual təqdim edilib. Qiymətləndirmə 1 bal sistemi ilə aparılıb. Ən çox bal toplayan komandalar final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Final mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulub. Qalib komandalara diplom və hədiyyələr təqdim olunacaq.