Britaniya alimləri insanı cavanlaşdıran şokolad hazırlayıblar
Bakı, 23 fevral, AZƏRTAC
AZƏRTAC “Sky News Online”a istinadla xəbər verir ki, Britaniyanın “Lycotec” şirkəti Kembric Universiteti mütəxəssislərinin yeni texnologiyası əsasında innovativ şokolad hazırlayıblar. Bu şokoladı müntəzəm yeyəndə qırışlar hamarlanır, yaşla bağlı iltihab əlamətləri azalır və dərinin qan dövranı yaxşılaşır. Nəticədə dəri parlaq olur.
“Esthechoc” adlandırılan cavanlaşdıran şokolad hər biri 7,5 qram olan plitkalar şəklində qablaşdırılıb. Hər plitkanın tərkibi 72 faiz kakaodan və cəmi 38 kaloridən ibarətdir. Bundan əlavə, kiçik bir şokolad porsiyasında eynən 300 qram qızılbalığın tərkibində olan qədər iltihab əleyhinə karotinoid astaksantin var. Şokolada xolesterini azaldan antioksidantlar və güclü bitki ekstraktları əlavə olunub.
Britaniya alimləri bildirirlər ki, insanlar bu şokoladın möcüzəli təsirini artıq üç həftə sonra hiss edəcəklər. Onlar şokoladın cavanlaşdırma təsirini könüllülərin üzərində sınaqdan keçirəndən sonra bu qənaətə gəliblər.
Tədqiqatda 50-60 yaşlı insanlar iştirak ediblər. Könüllülər gündə bir dəfə 7,5 qramlıq “Esthechoc” plitkası yeyiblər. Artıq üç həftədən sonra dərisi 20-30 yaş cavanlaşıb.
“Lycotec” şirkəti öz məhsulunu mart ayında Londonda keçiriləcək “Global Food Innovation Summit” konfransında təqdim etməyi planlaşdırır. “Esthechoc” şokoladı geniş satışa noyabrda çıxarılacaq. Möcüzəli şokoladın qiyməti hələ açıqlanmır.