BRİTANİYALI DEPUTAT AZƏRBAYCANIN DİASPOR QURUCULUĞU SİYASƏTİ İLƏ MARAQLANMIŞDIR
Qonağı Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Dövlət komitəsinin sədri Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin dostluq və əməkdaşlıq xarakteri daşıdığını söyləmişdir.
N.İbrahimov komitənin fəaliyyəti barədə qonağa ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması və onların hüquqlarının qorunması, milli mənəvi dəyərlərinin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Bildirilmişdir ki, komitənin əsas vəzifəsi diaspor quruculuğu sahəsində Azərbaycan Respublikasının siyasətini həyata keçirməkdən ibarətdir. Bu siyasətin konseptual əsasları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” sözləri bütün dünya azərbaycanlıları tərəfindən həmişə vurğulanır. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirən komitə sədri, son illərdə ölkəmizin diaspor quruculuğu sahəsində mühüm nailiyyətlər qazandığını vurğulamış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sayı barədə qonağa məlumat vermişdir.
Baronessa Okahoyn xarici ölkələrdə yaşayan azərbaycanlıların məskunlaşdıqları ölkələrdə cəmiyyətə inteqrasiyasının vacib olduğunu bildirmişdir. O, irland xalqını təmsil etdiyini diqqətə çatdıraraq, vaxtilə onların da yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya sahəsində müəyyən problemlərlə qarşılaşdıqlarını, lakin zamanında həyata keçirilmiş tədbirlər nəticəsində bu problemlərin aradan qaldırıldığını söyləmişdir. Qonaq qeyd etmişdir ki, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsi də diaspor quruculuğu siyasətinin vacib istiqamətlərindən olmalıdır. Xanım Okahoyn irland xalqının tarixi barədə ətraflı məlumat verərək, bu tarixin çox böyük çətinliklərdən keçdiyini qeyd etmişdir.
Dövlət komitəsinin sədri Azərbaycan dövlətinin məhz bu istiqamətdə çalışdığını, xarici ölkələrdə yaşayan soydaşlarımızın ictimai-siyasi həyatda fəal iştirakı istiqamətində tədbirlərin həyata keçirilməsinə səy göstərdiyini diqqətə çatdırmışdır.