CƏMİYYƏT
Britaniyalı həkimlər işdə gimnastika ilə məşğul olmağı məsləhət görürlər
Bakı, 26 avqust (AZƏRTAC). Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (National Health Service, NHS) əməkdaşı Kevin Fenton sadəcə bir qədər dayanmaq və açılışmaq üçün işdə fasilə verməyi məsləhət görür.
AZƏRTAC “The Daily Mail” qəzetinə istinadla xəbər verir ki, cəmi bir saat şaquli vəziyyətdə olmaq piylənmə və ürək-damar xəstəliklərinin inkişaf riskini xeyli azaldır. K.Fenton əmindir ki, işdə fasilələr mütləqdir. Kişilərin orta hesabla üçdə biri, qadınların isə 40 faizi idmanla heç məşğul olmur və həkimlərin həftədə beş dəfə 30 dəqiqəlik gimnastika hərəkətləri ilə məşğul olmaq barədə standart tövsiyələrinə əməl etmir. Uzun müddət stulda oturmaq insanın bütün orqanizminə ziyandır. Bu, ilk növbədə qamətin, sonra isə ürəyin, damarların və digər orqanlarının fəaliyyətini pozaraq sinir sisteminə zərər vurur. Hipodinamiya piylənməyə səbəb olur.
Onu da qeyd etmək lazımdır ki, alimlər profilaktika üçün iş yerində ən azı bir saat dayanmaq məsləhət görürlər. Bu, bel əzələlərini möhkəmlədər, qaməti yaxşılaşdırar və lazımi qədər istirahət verər. Ayaq üstə durmaqla bir dəqiqədə əlavə olaraq 0,7 kalori, bir saatda isə 50 kalori sərf edilir.