DÜNYA
BRİTİŞ PETROLEUM VƏ ŞELL ŞİRKƏTLƏRİ İRAQ NEFTİNİ NƏQL ETMƏK HÜQUQU ALMIŞLAR
Xarici informasiya agentlikləri xəbər verirlər ki, Britiş Petroleum və Şell şirkətləri İraq neftini nəql etmək hüququ qazanmış 10 beynəlxalq şirkətin siyahısına daxil olmuşlar.
Neftin nəqlinə dair tender İraq Neft Sənayesi Nazirliyi tərəfindən keçirilmişdir. Bu şirkətlərlə imzalanmış sazişə əsasən, avqustdan başlayaraq bp və Şell hər ay İraqdan 2 milyon barrel neft nəql edəcəklər.
Şevron Texaco, Conoco Fillips və Çinin Sinopec şirkətləri ilə də müqavilələr imzalanmışdır.
ABŞ-ın İraqdakı müvəqqəti hakimiyyətinin başçısı Pol Bremer Vaşinqtondakı Milli Mətbuat Klubunda çıxışı zamanı bildirmişdir ki, İraq iqtisadiyyatının bərpası prosesi təxminən 3 il çəkəcək və yüz milyardlarla dollara başa gələcəkdir.
Bremer hesab edir ki, artıq 2004-cü ildə ölkədə seçkilər keçirilə bilər. Lakin bu, ölkənin yeni konstitusiyasının nə vaxt qəbul olunacağından asılıdır.