BSU-DA TƏLƏBƏ ELMİ-PRAKTİK KONFRANSI
Konfransın təşkilat komitəsinin sədri, regionşünaslıq və tərcümə fakültəsinin dekanı, dosent S.Həsənov konfransı açaraq bildirmişdir ki, tədbirdə Azərbaycanın, habelə xarici ölkələrin 14 ali məktəbinin nümayəndələri iştirak edirlər.
Konfrans bölmələr üzrə işləyəcək, ”Azərbaycan və ümumavropa problemləri”, “Azərbaycanın Avropa ölkələri ilə qarşılıqlı münasibətləri: problemlər və perspektivlər”, “Azərbaycan və Qafqaz müasir Avropa geosiyasətində” mövzularında məruzələr dinləniləcəkdir.
Regionlararası İşçi Heyətini İdarəetmə Akademiyası nəzdindəki Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Andrey Kudryaçenkonun başçılığı ilə Ukrayna nümayəndə heyəti konfransda iştirak edir.
Kudryaçenko AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, onun rəhbərlik etdiyi institutda azərbaycanlı tələbələr də təhsil alırlar. Biz ölkələrimiz arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndiririk. Heydər Əliyevin siyasəti bir çox siyasi və iqtisadi problemlərin həllinə olduqca müsbət təsir göstərmişdir. Ölkənizdə yaşayış səviyyəsi MDB-nin bir çox ölkələri ilə müqayisədə daha yüksəkdir.
Qonağın fikrincə, konfransın həsr olunduğu mövzu çox aktualdır, çünki Avropa sivilizasiyanın inkişafının elə bir səviyyəsidir ki, biz ona çatmağa can atırıq. Ölkələrimiz Avropa Birliyinin tamhüquqlu üzvləri olmaq üçün iqtisadi problemləri həll etməyə çalışırlar.
Konfrans iki gün davam edəcəkdir.