BSU-nun tələbələri ölkəmizi Belarusda layiqincə təmsil ediblər
Bakı, 31 yanvar, AZƏRTAC
Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti tərəfindən Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad etmək məqsədilə keçirilən “54-cü ulduz yürüşü” adlı beynəlxalq tədbirdə Bakı Slavyan Universitetinin (BSU) bir qrup fəal tələbəsi də iştirak edib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, filologiya fakültəsinin tələbələri Albina Qasımova və Gündüz Məmmədov, pedaqoji fakültənin tələbəsi Fidan Əsgərova, tərcümə fakültəsinin tələbəsi Vaqif Yəhyalı tədbir çərçivəsində universitetin rektoru, professor Aleksandr Juk ilə görüşüblər. Milli geyimdə olan tələbələrimizin Azərbaycan mədəniyyətini və tarixini Belarusda layiqli səviyyədə təmsil etmələri rektor A.Juk tərəfindən müsbət qarşılanıb.
Sonra BSU-nun tələbələri Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri Şəfiqə Məmmədova ilə görüşüb, mərkəzin fəaliyyəti ilə tanış olublar.