BU GÜN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN YARANMASI GÜNÜDÜR
AZƏRTAC xəbər verir ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin yarandığı gündür. Qurum Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2004-cü il 23 oktyabr tarixli Sərəncamına əsasən yenidən təşkil edilmişdir.
Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini və iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qurum öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. Nazirliyin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Nəzarəti Xidməti, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi fəaliyyət göstərir.
Qurumun vəzifələri dəqiq müəyyənləşdirilmişdir. O, aqrar sahədə dövlət siyasətini formalaşdırır və həyata keçirir, iqtisadi münasibətləri tənzimləyir, bu sahədə qanunvericiliyə riayət olunmasına nəzarət edir. Bölmədə sosial-iqtisadi inkişafın əsas istiqamətlərini müəyyənləşdirir, müvafiq standartların və normaların hazırlanmasında iştirak edir, qaydalar və tövsiyələr hazırlayır. Kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə edilməsində, ölkənin ərzaq təhlükəsizliyi sahəsində dövlət siyasətini, aqrar sahədə vahid elmi-texniki siyasəti həyata keçirir. Kənd yerlərinin infrastrukturunun və sosial sahələrin inkişafı, meliorasiya və su təsərrüfatı, irriqasiya sahəsində dövlət siyasətinin, kəndin sosial problemləri üzrə respublika və regional proqramların hazırlanıb reallaşdırılmasında iştirak edir. Kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsində, məhsulların emalında, bioloji müxtəlifliyin səmərəli istifadəsində, bitkiçilikdə və heyvandarlıqda prioritet tədqiqat proqramlarının işlənib həyata keçirilməsini təşkil edir.
Baytarlıq xidmətinin həyata keçirilməsi, ölkə ərazisində karantin tətbiq edilməsi və onun götürülməsi barədə təklif verilməsi, damazlıq işinin, bitki toxumçuluğunun, tingçiliyin təşkili, seleksiya nailiyyətlərinin sınağı, qorunması, fitosanitar nəzarətin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqrotexservis, aqrokimyəvi və digər zəruri xidmətlərin göstərilməsi, onların texnika, maşın, avadanlıq, ehtiyat hissələri və digər istehsal təyinatlı mallara tələbatının təhlili, proqnozlaşdırılması, aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə həmin tələbatın ödənilməsi üçün təkliflər verilməsi də nazirliyin vəzifələrindəndir.