Bu il 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq
Bakı, 1 iyun, AZƏRTAC
"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına uyğun olaraq Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində icra olunan layihə yekunlaşıb.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kəndə içməli suyun verilməsi münasibətilə təşkil olunmuş tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində Göyçay rayonunda icra olunan layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində kəndlərdə həyata keçirilən içməli su layihələri ölkə rəhbərliyinin regionların inkişafına göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.
"Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov ötən il Göyçay rayonunun 14 kəndində içməli su layihələrinin icra olunduğunu xatırladaraq 40 minədək sakinin su probleminin həll edildiyini deyib. Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq bu il 13 rayonun 33 kəndində içməli su layihəsi icra olunacaq. Artıq kəndlərdə tikinti-quraşdırma işlərinə başlanılıb və ilk layihə Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində yekunlaşıb.
Qeyd edək ki, İkinci Ərəbcəbirli kəndində su təchizatı sistemləri mövcud olmayıb. Kənd əhalisi uzun illər arx sularını duruldaraq istifadə edib. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Göyçay şəhərinin su və kanalizasiya infrastrukturunun yenidən qurulması ətraf kəndlərin də içməli su təminatı üçün imkanlar yaradıb. İkinci Ərəbcəbirli kəndi Göyçay şəhərinə yaxın məsafədə yerləşdiyindən kəndə içməli suyun şəhər şəbəkəsindən verilməsi qərara alınıb.
İcrasına 2018-ci ilin aprel ayında başlanılmış layihə çərçivəsində Göyçay şəhərindən İkinci Ərəbcəbirli kəndinə 2 kilometr uzunluğunda magistral su xətti çəkilib. Kənd ərazisində 5 kilometr paylayıcı su şəbəkəsi yaradılıb, əhalinin ümumi istifadəsi üçün 33 ədəd bulaq quraşdırılıb. Tikinti-quraşdırma işləri qısa müddətdə başa çatdırılıb və icra olunan layihədən 1500-dək sakin faydalanıb.
Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq. Bu layihələr çərçivəsində kəndlərdə 13 subartezian quyusu qazılacaq, 8 ədəd su anbarı, 195 kilometr su xətti inşa ediləcək. Dayanıqlı su təchizatı məqsədilə 672 ədəd bulaq, 4 su qülləsi, 9 nasos stansiyası quraşdırılacaq. Bu layihələrdən 30 kəndin 45 min nəfər sakini faydalanacaq.
Bu il "Azərsu" ASC tərəfindən dövlət investisiya layihələri də daxil olmaqla əhalisinin ümumi sayı 61 min nəfər olan 41 yaşayış məntəqəsində içməli su layihəsi həyata keçiriləcək.
"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli Sərəncamı çərçivəsində 2017-ci ildə 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 min nəfər faydalanıb.