Bu il 21 rayonda hemofiliya üzrə maarifləndirmə işləri aparılıb
Bakı, 25 dekabr, E.Hüseynov, AZƏRTAC
Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 2014-cü ildə iki layihə həyata keçirib. Layihələr Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və İsveçrənin Nova Nordisk Hemofiliya Fondunun maliyyə yardımı, Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşıbdır.
AZƏRTAC xəbər verir ki, bu məlumat dekabrın 25-də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının illik fəaliyyəti ilə əlaqədar keçirilən hesabat konfransında səsləndirilib.
Layihələr çərçivəsində görülmüş işlər və nəticələr haqqında məlumat verən Assosiasiyanın prezidenti Gülnarə Hüseynova deyib ki, hazırda Azərbaycanda irsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkən 1248 nəfər qeydiyyatdadır. Hemofiliyalı insan düzgün və vaxtında müalicə alarsa, sağlam insan qədər yaşaya bilər. Layihələrin icrasında məqsəd hemofiliya sahəsində kadr hazırlığı, eləcə də hemofiliyalı xəstələr və onların ailə üzvləri üçün maarifləndirmə işlərinin aparılması, habelə hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, onların həyat şəraitinin yaxşılaşdırılması, xəstəlikdən əlillik və ölüm hallarının azaldılması, müalicənin təkmilləşdirilməsidir. Əlillik halının yaranması əsasən yaşı otuzu keçən hemofiliyalı insanlar arasında geniş yayılıb. Ona görə də hemofiliyalı xəstələr mütəmadi olaraq laxtalanma üçün dərmanlar qəbul etməlidirlər. Belə olmadıqda baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəst olmasına, bəzi hallarda isə ölümünə səbəb olur. Ancaq müasir dərmanlarla müalicə uşaqları əlillikdən, ölümdən xilas edir.
Bildirilib ki, Assosiasiya tərəfindən xəstələrə keyfiyyətli müalicənin əlçatanlığını təmin etmək üçün paytaxt Bakıdan uzaq 21 rayonda hemofiliya üzrə maarifləndirmə işləri aparılıb. Bundan başqa, 135 həkim üçün hemofiliya üzrə təlimlər keçirilib. Assosiasiyanın 32 üzvünə humanitar və hüquqi yardım göstərilib, onların ailə üzvlərinin maraqları müdafiə edilib. Eyni zamanda, 324 hemofiliyalı uşaq və gənc xəstəliklə bağlı maarifləndirilib, onlar üçün ekskursiyalar və şənliklər təşkil olunub.