CƏMİYYƏT
Bu il Azərbaycan Tibb Universitetinin 1144 məzunu olmuşdur
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Azərbaycan Tibb Universitetində (ATU) bu ali təhsil müəssisəsinin 2014-cü il məzunlarının buraxılışına həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, məzunları təbrik edən universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ölkəmizdə elmə və təhsilə göstərilən dövlət qayğısından danışmışdır.
ATU-nun tarixi inkişaf yoluna nəzər salan rektor bildirmişdir ki, bu elm müəssisəsi fəaliyyət göstərdiyi 84 il ərzində 71 min məzun buraxmışdır. Qeyd edilmişdir ki, universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək ixtisaslı tibb kadrların hazırlanması isə ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə mümkün olmuşdur.
Bildirilmişdir ki, 2013/2014-cü tədris ilində ATU-nun 1144 məzunu olmuşdur. Onlardan 267 nəfər II müalicə-profilaktika, 254-ü I müalicə-profilaktika, 179-u stomatologiya, 29-u tibbi biologiya, 49-u tibbi profilaktika, 64-ü əczaçılıq, 186 nəfər isə pediatriya fakültəsini bitirmişdir. Məzunlar arasında 9 magistr, 59 hərbi həkim, 48 nəfər feldşer vardır. Məzunların 151-i xarici ölkə vətəndaşlarıdır. Universiteti fərqlənmə diplomu ilə bitirənlərin sayı 63 nəfərdir.
Toplantıda səhiyyə nazirinin müavini Elsevər Ağayev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Natiq Əliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulamış və onlara öz tövsiyələrini vermişlər.
Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra məzunlar Hippokrat andı içərək xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz vermişlər.
Tədbirdə universiteti əla qiymətlərlə bitirən məzunlara diplomlar təqdim olunmuşdur. Sonra ənənəyə uyğun olaraq Prezident təqaüdçüsü olan məzun birinci kursdakı davamçısına həkim libasını təqdim etmişdir.
Mərasimin bədii hissəsi universitetin hərbi tibb fakültəsi tələbələrinin paradı ilə başlamışdır.
Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, Milli Məclisin deputatlarının, tələbələrin və valideynlərin iştirak etdikləri tədbir tanınmış incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.